“6 ermənini qətlə yetirən rus hərbçinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə keçirilən mitinqin motivi dəhşətli cinayət hadisəsidir. Əslində etiraz aksiyalarının keçirilməsinin başlıca səbəbləri gündən-günə yoxsullaşan ermənilərin, xüsusilə rus rublunun dəyərsizləşməsinin təsirindən daha da pisləşən sosial durumu, Avrasiya İttifaqına daxil olandan sonra artan anti-rus əhval ruhiyyəsi və bir qrup yerli oliqarxın idarə etdiyi, illərlə yığılan problemləri həll etməyən, eləcə də uzun müddət dəyişməyən korrupsiyalaşmış hakimiyyətidir”.
Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib.
O qeyd edib ki, məhz bu səbəblərdən mitinq iştirakçılarının bir hissəsi indi öz etirazlarını bir cinayətin ətrafında cərəyan edən hadisələrlə tədqim edirlər:
“Rəsmi statistikaya görə, ötən ilin ikinci yarısından etibarən Rusiyadan daxil olan pul göndərişləri yalnız noyabr ayında 31 faiz aşağı düşüb, son 2 ayda dram dollara nisbətdə 10 faizdən çox ucuzlaşıb və özünün psixoloji həddinə - 500 dram 1 dollar nisbətinə yaxınlaşıb.
Hazırkı məzənnə 477 dram 1 dollar nisbətindədir. Bütün bunlar ölkədə, xüsusilə də ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasına.gətirib çıxarıb. Rusiya ilə bağlılıqlarında heç bir perspektiv görməyən ermənilər hazırda Rusiyaya qarşı olan mövqeyini 1 rus əsgərinin cinayətinə olan etirazla ifadə edirlər. Artıq Ermənistanda çox adam başa düşür ki, Rusiyadakı hazırkı vəziyyət Ermənistana bundan sonra daha çox bəlalar gətirəcək. Bu isə heç bir alternativi qalmayan Ermənistanda hətta Rusiyadan da əvvəl siyasi böhrana gətirib çıxara bilər”.
Gülşən RAUFQIZI