İran ordusu İraq İslam Şam Dövləti (İŞİD) təşkilatının İran sərhədinə yaxınlaşması səbəbindən İraq sərhədinə topçu birliyi topladığını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran ordusu 33-çü Topçu Birliyi komandiri Muhsin Azar Afruz paytaxt Tehranda olan birliyin, İŞİD təhdidinə görə İraq sərhədinə sövq edildiyini açıqlayıb.
Mətbuat konfransında danışan iranlı komandir deyib ki, birlik İŞİD-i İran sərhədinə 40 kilometrdən yaxın bir məsafəyə gələcəyi təqdirdə hədəf alacaq.
İŞİD-in İran sərhədinə 48 kilometrə qədər yaxınlaşdığını xatırladan Azar Afruz deyib: “Təşkilat İrana daha çox yaxınlaşmadı. Qırmızı xətt olaraq təyin etdiyimiz 40 kilometrə çatsaydı hədəf alınacaqdı”.
İranın Quru Hərbi Qüvvələr komandiri general Əhməd Rza Purdestan bundan əvvəl açıqlamasında İran sərhədindən İraq torpaqlarının içinə qədər 40 kilometrlik bir qırmızı xətt təyin etdiklərini, İŞİD bu xətti keçərsə, hədəf alınacağı barədə xəbərdarlıq edib.
Modern.az