Modern.az

Bakıdakı universitetlərdə 20 Yanvar şəhidləri anılıb - FOTOLAR

Bakıdakı universitetlərdə 20 Yanvar şəhidləri anılıb - FOTOLAR

17 Yanvar 2015, 14:02


Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.
Universitetin  rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Rektor xatırladıb ki, Azərbaycan xalqının intellektual potensialının toplaşdığı Bakı Dövlət Universiteti də 20 Yanvarda şəhidlər verib: «Biz buna görə fəxr edirik. Hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış möhtəşəm abidə qarşısına toplaşırıq. Bu abidəni tələbələrimiz tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər. Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar».

Daha sonra çıxış edənlər Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov və tələbələr adindan çixiş edən I kurs Hüquq fakültəsinin tələbəsi Gülnaz Qurbanova 20 yanvarla bağlı fikirlərini bölüşüblər.

***


Azərbaycan Dillər Universitetində isə bu ali məktəbin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyinin önündə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanının ziyarət edib, 20 Yanvar şəhidlərinin məzarları önünə tər-çiçək dəstələri qoyublar.
Mərasimdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetdə hər il 20 Yanvar şəhidlərinin ruhunun anıldığını bildirib. Bu gün Azərbaycanın müstəqil dövlət kimi ölkələr arasında düzgün siyasət yürütməsinin, sabitliyin, inkişafın, gənclərin üzündəki təbəssümün, gələcək haqqında düşüncələrin şəhidlərin qanı hesabına olduğunu söyləyən rektor universitetin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadəni xatırlayıb.
20 Yanvar faciəsinin Azərbaycan xalqının mentalitetinin tərkib hissəsinə çevrilmiş hadisə kimi həkk olunduğunu deyən Səməd Seyidov bu səbəbdən də Azərbaycanın gələcəyə inamla baxdığını söyləyib. Rektor 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacağını, xatirələri dərin ehtiramla yad ediləcəklərini bildirib.

Daha sonra 20 Yanvar hadisələri, şəhidlik zirvəsinə ucalmış insanlar haqqında videoçarx nümayiş olunub.

Ülvi Bünyadzadənin bacısı şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə çıxışında dünyada baş verən hadisələrdən söz açaraq müstəqil Azərbaycanda yaşamaqdan sevinc hissi duyduğunu dilə gətirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu