Modern.az

Xankəndinə yetənə qədər Tanrıdan ömür istəyi...

Xankəndinə yetənə qədər Tanrıdan ömür istəyi...

Təhsil

21 Yanvar 2015, 16:38

Torpaq itkisindən, yurd niskilindən də ağrılı-acılı heç nə ola bilməz. Doğulub boya-başa çatdığın ata-baba ocağına əlin çatmırsa, bu əlcatmazlıq hər gün ovqatına zəhər qatırsa, keçmişini xatırlayıb qəhər içində insan boğulursa bundan dəhşətli nə ola bilər. Bu gün ürək parçalayan bu hisslərlə yaşayanlar çoxdur. Onlardan biri də Dağlıq Qarabağın sayılıb-seçilən ziyalılarından biri, ömrünün 50 illini Xankəndi şəhərində təhsilin inkişafına, millətçi ermənilərin arasında bir az sıxılan, bu sıxıntılar arasında bir az da mərdləşən azərbaycanlı balalarının maariflənməsinə həsr edən Şura Xudiyevadır.

Bu gün Şura xanımın 75 yaşı tamam olur. Qarabağdan köçkün düşəndən sonra doğum günü təntənəsinin nə olduğunu unudan ziyalı xanım yurda dönüş, el-obaya qovuşmaq ümidi ilə yaşayır.

Şura Xudiyeva orta təhsilini Şuşa şəhər 1 saylı orta məktəbdə alıb. Şuşa Pedaqoji Texnikumunda orta ixtisas təhsilinə yiyələndikdən sonra bir il sinif müəllimi kimi fəaliyyət göstərib. Uşaqlıqdan ədəbiyyata sonsuz həvəsi olduğundan 1966-cı ildə sənədlərini Azərbaycan Pedaqoji İnstitutuna təqdim edib, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olub. Pedaqoji fəaliyyətini Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbdə bir müddət davam etdirdikdən sonra elə həmin şəhərdə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda metodist vəzifəsinə təyin edilib. İctimai fəallığı, təşkilatçılıq qabiliyyəti, bilik və bacarığı nəzərə alınaraq Şura Xudiyevaya daha yüksək vəzifə həvalə olunub. O, 1990-cı ilə qədər Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Maarif şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Məlum Qarabağ hadisələri zamanı Şura xanım Xankəndi şəhərini sonuncu tərk edən azərbaycanlılardan biri olub və o həmin illəri belə xatırlayır:

- Biz heç vaxt ağlımıza gətirməzdik ki, hadisələr öz məcrasından çıxacaq, Dağlıq Qarabağı, Xankəndini tərk etmək məcburiyyətində qalacağıq. Hər yeni günü ümidlə gözləyirdik. İnanırdıq ki, Bakı, dövrün mövcud hakimiyyəti öz vətəndaşlarını qoruyacaq, təhlükəsizliyini təmin edəcək. Ancaq hardan biləydik ki, onlar öz kürsülərini qoruyurlar. Və sözsüz ki, belə bir şəraitdə, Bakıda vəzifə sahibləri isti kürsülərində mürgüləyəndə Dağlıq Qarabağda yaşayan ermənilər havadarlarının köməyi ilə öz planlarını rahatlıqla həyata keçirirdilər. Əvvəl söz davası, sonra daş savaşı, daha sonrası isə hamımıza məlumdur.

Digər soydaşlarımız kimi Bakıya köçmək məcburiyyətində qalan Şura xanım 1990-cı ildən pedaqoji fəaliyyətini Bakının Nərimanov rayonunun təhsil şöbəsində davam etdirib.

Bu illər ərzində Şura xanım kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edib, peşə hazırlığı ilə bağlı bir sıra dəyərli məqalələrin müəllifi kimi tanınıb, respublika üzrə “İlin ən yaxşı metodisti” adı ilə təltif olunub, ictimai fəallığına görə iki dəfə müəllimlərin qurultayına nümayəndə seçilib.

Ömrünün 75-ci qışını yaşayan Şura xanımın heç nədən, heç kimdən bir umacağı yoxdur. Tək bircə istəyi var, Xankəndinə yetənə qədər Tanrıdan ömür payı... 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu