Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin federal kansleri Angela Merkellə görüşüb.
APA-nın prezidentin səfərini izləyən müxbirinin verdiyi məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Angela Merkel səmərəli müzakirələr apardıqlarını bildirib.
O deyib ki, Azərbaycanın Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır: "Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik".
Merkel bildirib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağmünaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".
Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.
“Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.
Prezident bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək:
“Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir”.
İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də bütün region üçün olduqca vacib məsələdir.
Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 20 ildən artıqdır, Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb.
“BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud “status-kvo” vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
Modern.az