Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələrin - Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin iş yükünün azaldılması məqsədi ilə hakim ştatlarının sayının 25 faiz artırılması, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının genişləndirilməsi məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək. Şurada yeni qanunvericilikdən irəli gələn vəzifələr, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. məsələlər müzakirə edilib, hakimliyə namizədlərin çoxmərhələli seçimi nəticəsində 78 nəfər hüquqşünasın hakim vəzifəsinə hazırlanmaları üçün təlim mərhələsini uğurla başa vurduğu və hazırda yekun müsahibələrə cəlb olunduğu qeyd edilib. Həmçinin iclasda səlahiyyət müddətləri başa çatan bir sıra hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, vətəndaşların haqlı narazılıqlarına səbəb olan süründürməçilik və digər mənfi hallara yol verdiklərinə görə son illər ərzində hakimlər barədə 100-dən çox intizam icraatlarının başlanılması, 40-dək hakimin səlahiyyətlərinə xitam verilməsi vurğulanıb. Aparılmış qiymətləndirmə nəticələri üzrə fəaliyyəti məqbul bilinmiş 8 hakimin yenidən müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəmüvafiq hesab edilib, 10 hakimin səlahiyyətlərinə xitam verilib, o cümlədən 5 hakimin işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq fəaliyyəti qeyri-məqbul hesab edildiyinə, 5 nəfərin isə hakimlik üçün son yaş həddinə çatmaları ilə əlaqədar səlahiyyətlərinə xitam verilib. İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovaya töhmət verilib, Zərdab Rayon Məhkəməsinin hakimi Ağaməhəmməd Qarayevə və Ağdam Hərbi Məhkəməsinin hakimi Abbas Abbasova irad tutulub.