YUNESKO-nun Dünya Maddi İrs Siyahısında yer almış İçərişəhərin dünya əhəmiyyətli abidələri - Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi hər il minlərlə yerli və xarici qonağı qəbul edir.
Aparılmış uzunmüddətli konservasiya işlərindən və yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ilin yanvar ayında Qız Qalası yenidən öz qapılarını ziyarətçilər üçün açıb. Həmçinin, həmin ilin mart ayında da Şirvanşahlar Sarayı Kompleksində dünya standartlarına cavab verən yeni muzey ekspozisiyası yaradılaraq ictimaiyyətə təqdim edilib. Hər iki yeni ekspozisiya muzeylərə gələn qonaqların zövqünə oxşamış və nəticədə 2014-cü ildə İçərişəhərin bu muzeylərinə gələn ziyarətçilərin sayında əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, 2014-cü ildə Qız Qalasını 215407 nəfər (2012-ci ildə 113505 nəfər), Şirvanşahlar Sarayı Kompleksini isə 81482 nəfər (2013-cü ildə 55185 nəfər) yerli və xarici qonaq ziyarət edib.Eyni zamanda, 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinın dəstəyi ilə 93 orta ümumtəhsil və 4 internat məktəbinin şagirdləri üçün İçərişəhərdə və burada yerləşən muzeylərdə ödənişsiz bələdçi turları təşkil edilib.
Modern.az