Binəqədi rayonu İcra Hakimiyyəti “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının sosial şəbəkədə Binəqədi şossesi, “Baksol” adlanan ərazidə yağış sularının yaratdığı fəsadların aradan qaldırılmaması haqda iradlarına cavab verib.
Modern.az saytının məlumatına görə, Binəqədəi rayonu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Nuridə Allahyarova bildirib ki, "Baksol ərazisində yağış sularının törətdiyi fəsadların aradan qaldırılmadığı ilə bağlı Ə.Zeynallı haqsız iradlar səsləndirib:
“Onun sosial şəbəkələrdə bazar günü olduğu üçün İcra Hakimiyyəti rəsmilərinin telefonları sönülüdür, çox güman ki, sakinlər narahat edər deyə, söndürüblər" kimi replikası yersizdir. Binəqədi qəsəbəsinin icra nümayəndəsi Elxan müəllim və əməkdaşlar bazar günü səhər saatlarından o ərazidə olublar və təbiət hadisəsinin törətdiyi fəsadı aradan qaldırmaq üçün müvafiq işlər icra olunub. Və bu fotolar, həmçinin problem özü elə səhər saatlarında da rayonun rəsmi Facebook səhifəsində paylaşılıb. Telefona gəlincə, ona yəqin hansısa obyektiv və ya subyektiv səbəblərdən verilən nömrələr yalnış olub, ancaq sakinlər üçün narahat olmayın. Onların qayğısına qalan dövlət və icra hakimiyyətinin rəsmiləri siz qəzetə müsahibə verdiyiniz vaxt elə sakinlərin yanında olublar! Yəni iş görüblər!”.
Modern.az