Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı məktəbdə çalışan 69 yaşlı Arifə Yusifova mətbuata açıqlamasında müəllim həmkarının onu ölümcül döydüyünü deyərək, bununla bağlı fotoları da yayımlayıb.
Modern.az saytı məsələni aydınlaşdırmaq üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildirilib ki, yayılan informasiya ilə bağlı məktəbin direktoru Əli Əliyev Yaşar Quliyev adlı müəllimin həqiqətən də 154 saylı məktəbdə çalışdığını təsdiqləyib:
“Direktor kimi yayılan məlumatla bağlı bildirirəm ki, Yaşar Quliyev həqiqətən də 2005-ci ildən 154 saylı məktəbin tarix müəllimidir. Haqqında məlumat gedən müəllimə Arifə Yusifova isə rəhbərlik etdiyim məktəbdə müəllimə kimi fəaliyyət göstərmir”-deyə direktor bildirib.
Direktor qeyd edib ki, Yaşar Quliyev işlədiyi müddətdə özünü savadlı və bacarıqlı müəllim kimi göstərib: “Məktəbdə tədris prosesi normal şəraitdə davam edir. Məsələyə hüquqi qiymət verildikdən sonra baxıla bilər”.
Döyülən Arifə Yusifova milli.az-a açıqlamasında məsələni ictimailəşdirilməsini xahiş edib.
Gülşən RAUFQIZI