"Mən ölümdən qorxmuram. Bir ondan qorxuram ki, Kəlbəcəri görməyib öləcəm"
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu Aşıq Şəmşir ailəsi, cəmiyyətin coxminli üzvləri və Kəlbəcər Vurğunsevərləri adından xalqımızın ölməz şairi Səməd Vurğunun yadıgarı xalq şairi, ictimai xadim Vaqif Səmədoğlunun ölümündən kədərləndiyini bildirir və Səməd Vurğun ailəsinə dərin hüzünlə başsaqlığı verir.
1976-cı ildə Vaqif Səmədoğlunun vətənimzin dilbər güşəsi Kəlbəcərə gəlişi ilə bağlı Xalq şairi Səməd Vurğunun sənətinə və şəxsiyyətinə yüksək qiymət verditi ustad sənətkarımız Aşıq Şəmşirin qələmə aldığı “Səməd Vurğun və Aşıq Şəmşir” dastanında Vaqif Səmədoğluya həsr olunmuş bir parçanı şairin ruhuna ehtiram olaraq oğuçulara təqdim edirik:
1976-cı ilin martında Səməd Vurğunun anadan olmasının 70 illiyi ilə əlaqədar Aşıq Şəmşiri Qazağa - şairin doğulduğu elə dəvət edirlər. Yubiley başlama-mışdan bir gün əvvəl Qazax ziyalıları, Səmədsevərlər gecə keçirirlər. Gecədə aşıqlar və yaradıcı adamlar çıxış edir. Yığıncaqda 1950-51-ci illərdə Aşıq Şəm-şirin doğma kəndi olan Ağdabanda təyinatla müəllim işləmiş və burada işlədiyi müddətdə gözəl saz çalmağı öyrənən, indi isə Qazaxda yaşayan Xaliddin müəllim Aşıq Şəmşirdən xahiş edir ki, aşıq 60-cı illərdə şairin Bakıda göstərilən “Vaqif” tamaşasına baxarkən qələmə aldığı “Hardasan?” şeirini oxusun. Ustad sazı sinəsinə basıb böyük sevgi və yanğı ilə “Kərəmi” havaları üstündə oxumağa başlayır:
Əsrin pərdəsini çəkib bir yana,
Vaqifi göstərdin elə, hardasan?!
Boyun görünmədi, darıxdı qəlbim,
Göz yaşlarım döndü selə, hardasan?!
Azad qələm çəkib, azad yaradan,
Vətəndi səni də ustad yaradan,
Eldarı Qacara cəllad yaradan,
Sən çox yazmalıydın hələ, hardasan?!
Sözünün Qıratı tez mənzil kəsir,
Sözün Koroğlusu, onu özün sür,
Yıxıb şah Qacarı eylədin əsir,
Almırsan qələmi ələ, hardasan?!
Sən yazan əsərlər indi yaranmır,
Kim deyər ki, bu xəzinə aranmır,
Barmağınla ağ saçların daranmır,
Verən çoxdu sığal telə, hardasan?!
Şəmşir, götür sazı, Vurğunu çağır,
Bu hicran Vaqifə ağırdır, ağır,
Bahar leysanı tək alqışlar yağır,
Səhnə bürünübdü gülə, hardasan?!
Söz tamam olur. Zalda əyləşənlər ayağa durub gurultulu alqışlarla aşığa “Sağ ol!” deyillər.
Elə bu zaman ağsaqqal bir kişi xahiş edir ki, aşıq, Səmədin “Ceyran” şeirinə yazdığın nəzirəni mümkünsə bir oxu, qu¬laq asaq. Aşıq gözləmədiyi bu təklifdən sevinir. Sazını bağrına basıb “Mixəyi” havası üstündə aldı görək nə dedi. Deyək, eşidənlər şad olsun:
Aman ovçu, üzdə qurma tələni,
Heyifdi, düşməsin duzağa ceyran.
Gəl atma gülləni, qana bələnər,
Düşər balasından uzağa ceyran.
İnsan oğlu, vurma bu qələm-qaşı,
Onun da yoxdurmu yarı-yoldaşı,
Axar selə dönər gözünün yaşı,
Hər dönüb baxanda yarağa ceyran.
Qısqanır, səksənir qansız insandan,
Rəhm eylə, əl götür bu zərif candan,
Ağlaya-ağlaya gedir Muğandan
Vurğunu gəzməyə Qazağa ceyran.
Bu gözəl pəriyə gətirmə zaval,
Gözəldir, əzizlə qayğısına qal,
Bəsdir, insaf eylə, az nişana al,
Susayıb gələndə bulağa ceyran.
Şairin xatiri Şəmşirdə barat,
Turacı ellərə verib amanat,
Gözəl təbiətə almaz xəyanət,
Bənzəyir bir zərif qonağa ceyran.
Aşıq Şəmşirin oxuduqlarından sonra çoxları göz yaşlarını saxlaya bilmir. Səhnəyə çıxıb ustada dərin təşəkkürlərini bil¬dirirlər. Aşıq bir neçə gün Qazaxda qalır. 3-cü gün xahiş edir ki, onu Səmədin şeirlərində adını dəfələrlə çəkdiyi Gö-yəzən dağına və Damcılı bulağına aparsınlar. Dostları onun arzusunu yerinə yetirirlər. Bulağa çatanda daşların üzərindəki mamırların üstündən insan kirpiyi kimi yan-yana düzülmüş süzülən su damlaları onu heyran edir. Bu mənzərə övladını itirmiş ananın fəryadını xatırladır. Aşıq Şəmşir sazı köynəyindən çıxarıb “Göyçəgülü və “Qaytarma” havaları ilə aldı, görək nə dedi:
Mamır kirpiyindən axan yaşdımı,
Gah daşır, gah süzür ara, Damcılı?!
Yoxsa gözlərindən qan axıdırsan,
Bəlkə var qəlbində yara, Damcılı?!
Danış qardaşımın davranışından,
Mənalı gülüşlü xoş baxışından,
Ay nainsaf, yolmu verdin başından?
Düşürüb göndərdin hara, Damcılı?!
İntizar qoyubdu o, Dəlidağı,
Hicrana bürünüb qaşı-qabağı,
Hələ yol gözləyir Ceyran bulağı,
Nə deyirsən bu ilqara, Damcılı?!
Şəmşirəm, alışdım, yandım ataşa,
Ah çəkərəm, dağlar gələr baş-başa,
Niyə qoydun gözlərindən uzaşa,
Necə qıydın sənətkara, Damcılı?!
Məclisdəkilər yer-yerdən aşığı alqışlayır. Qazax camaatı və Damcılı bulağı ilə vidalaşıb getmək istəyəndə şairin sonbeşik övladı Vaqif deyir:
- Şəmşir əmi, 1955-ci ildə atamla sənin görüşün zamanı mən də orada olmuşam. O hadisə və o füsunkar təbiət, əlçatmaz zirvələr, dibi görünməz dərin dərələr yadımda çox az qalıb. Allah qoysa, yaxın vaxtlarda mənim üçün çox əziz olan atam gəzdiyi o yerləri yenidən görmək üçün Kəlbəcərə gələcəyəm.
Bir neçə aydan sonra Vaqif respublikanın tanınmış bir neçə ziyalısı ilə Kəlbəcərə gəlir. Onun gəlişindən xəbər tutan aşıq keçmiş Vurğunlu günləri xatırla-yır. Atası Səmədi olduğu kimi özünü də sazla, sözlə qarşılayır:
Dağlar al bəzəndi, bağlar gül açdı,
Yazın fəsli-novbaharı gəlibdi.
Qabil davamçısı şair yurdunun,
Vurğunumun ümidvarı gəlibdi.
Gəlib Kəlbəcərdə qonaq qalmağa,
Ceyran bulağına nəzər salmağa,
Əlbət Dəlidağdan xəbər almağa,
Soruşmağa sənətkarı gəlibdi.
Əsli mirvaridi, özü simu-zər,
Pakizə bir övlad əslinə bənzər,
Ata gəzən dağı oğlu da gəzər,
Unutmayıb etibarı, gəlibdi.
Bir çiçək çələngi alıb ülkərdən,
Sözünə qat verib müşki-ənbərdən,
Xatirə yazmağa şəlalələrdən
Vəsf etməyə bulaqları, gəlibdi.
Bu gün şölələndi yanan çıraqlar,
Bizə barat oldu bu təm-təraqlar,
Səfalar gətirib gələn qonaqlar,
Arif olan yoldaşları gəlibdi.
Heyranam bu kamil ada, sanlara,
Məhəbbət əhlinə, təmiz qanlara,
Minnətdaram alim olan canlara,
Sözün şirin xiridarı gəlibdi.
Şəmşir, var sözündə zər nişanəsi,
Dostun şəninədir hər nişanəsi,
O böyük şairin dürr nişanəsi
Vaqif kimi yadigarı gəlibdi.
Aşıq Şəmşir özü ilə gətirdiyi şagirdlərinə işarə edir ki, indi növbə sizindir. Aşıq Qəmkeş Allahverdi ustadının Vaqif Səmədoğlunun dünənki gəlişinə həsr etdiyi “Gəl¬din”, vaxtilə Səməd Vurğunla Aşıq Şəmşirin görüşündə iştirak edən dostu aşıq Xalıqverdi isə aşığın Salahlı Paşaya həsr etdiyi “Mənim” rədifli gəraylılarını “Baş sarıtel” üstündə oxuyurlar.
Qəmkeş Allahverdi:
Qardaşımın yadigarı,
Bizi axtar-ara, gəldin.
Unutmadın etibarı,
Düz oldun ilqara, gəldin.
Aşıq Xalıqverdi:
Dostum Paşa, deyim sənə:
Belə keçdi işim mənim.
Bilirəm ki, dar günümdə
Olarsan yoldaşım mənim.
Qəmkeş Allahverdi:
Çıxaq Taxta yaylağına,
Baxaq Ceyran bulağına,
Bəlkə şair sorağına,
Çəmənli dağlara gəldin?!
Aşıq Xalıqverdi:
Bu nə səfər, bu nə yoldu:
Xəzan əsdi, gülüm soldu?!
Getdi Vurğun, gəlməz oldu,
Çaşdı ağlım, huşum mənim.
Qəmkeş Allahverdi:
Sığınmışdım yaxşı mərdə,
Əl atdı iş düşən yerdə.
Bu qocalıq kimi dərdə
Varmı səndə çara? Gəldin.
Aşıq Xalıqverdi:
Yol gözlədim: şair gələ,
Gözlərindən gülə-gülə.
Vədə verdi bizim elə,
Gəlmədi qardaşım mənim.
Qəmkeş Allahverdi:
Bir norx şairsən həmi,
Xəbərdarsan elmə cəmi.
Barmağınla atan kimi
Ellərini dara gəldin.
Aşıq Xalıqverdi:
Özü getdi, adı sağdı,
Dərdi-qəmi mənə dağdı.
Hava ayaz, dolu yağdı,
Yayda düşdü qışım mənim.
Qəmkeş Allahverdi:
Sən arifsən, sözüm ara,
Müşkül işə hanı çara?!
Şəmşir, ondan uçdu hara
Tülək tərlan quşum mənim.
Aşıq Xalıqverdi:
Dərs alıbsan dürr kamaldan,
Bar götürdün o camaldan.
Qoca Şəmşir düşüb haldan,
Bu günümdə kara gəldin.
Aşıqlar oxuyub qurtarar-qurtarmaz alqış səsləri başları üstündə şaqqıldadı. Məclisdə iştirak edən qonaqların xahişi ilə Aşıq Gəray və Aşıq Qəmkeş Allahverdi qarşı-qarşıya dayanıb balabançı Şavağatın müşayiəti ilə təzədən meydana girirlər. Aşıq Şəmşirin Vaqifin Kəlbəcərə gəlişinə həsr etdiyi növbəti “Vurğun” şeirini “Dübeyti” havası üstündə aldılar görək necə dedilər, biz də deyək, şad olun:
Aşıq Gəray:
Vaqif, soruşsan atanı,
Necə deyim, yoxdu Vurğun?!
O bəxtəvər günlər hanı?
Döşünə gül taxdı Vurğun!
Qəmkeş Allahverdi:
Təməl qoydu Kəlbəcərdə,
Şairim, gəlmədin bir də.
Bizi saldın niyə dərdə?
Keçdi görüş vaxtı, Vurğun.
Aşıq Gəray:
Zərdi sözün, hər söhbətin,
Istəyin, adın, hörmətin.
Qəlbimizdə məhəbbətin,
Dağlardan da çoxdu, Vurğun!
Qəmkeş Allahverdi:
Dəlidağla qucaqlaşdın,
Taxtadüzdə meydan açdın.
Qardaş niyə uzaqlaşdın?
Gözün yaşı axdı, Vurğun.
Aşıq Gəray:
Sözün, şeirin sənətkarı,
Sənsiz qoydun bu dağları.
“Nizaminin yadigarı”,-
Bu ad sənə haqdı, Vurğun!
Qəmkeş Allahverdi:
Gözəl ömrün getdi bada,
Təbib çatmadı imdada.
Sənin dərdin bizi oda,
Yandırdı, həm yaxdı Vurğun!
Aşıq Gəray:
Ceyranı tapşırdın elə,
Turac vəsfi düşdü dilə,
Kim yaşasa yüz min ilə,
Deməz: - Yaddan çıxdı Vurğun!
Qəmkeş Allahverdi:
Şəmşir alışır alova,
Kim yetişər haray-hova?!
Dəlidağa, gah Murova
Təşəkkürlə baxdı, Vurğun!
Vaqif və gələn qonaqların xahişi ilə Aşıq Şəmşir sazı sinəsinə sıxıb “Bax-dım, ağladım” gəraylısını oxuyur:
Vurğun gəzən yaylaqlara
Çöllərə baxdım, ağladım.
Qayıtmadı bu dağlara,
Yollara baxdım, ağladım.
Necə dözdü iyirmi ilə,
Məgər ilqar olar belə?
Taxtadüzdə qərənfilə
Güllərə baxdım, ağladım.
Sordum Ceyran bulağından:
Söylə şair sorağından.
Qan yaş süzdü yanağımdan,
Sellərə baxdım, ağladım.
“Unutmaz məni el!” – dedin,
Bu ilqarı sən elədin.
Ha axtardım görünmədin,
İllərə baxdım, ağladım.
Adın böyük adı-şandır,
Kəlmələrin zərnişandır.
İstisu da pərişandır,
Ellərə baxdım, ağladım.
Tanıyır səni bəhri-bər,
Yerdə, göydə axşam-səhər.
Şəmşir səni ananda hər
Dillərə baxdım, ağladım.
Hamı mütəəssir olur. Qısa fasilədən sonra Aşıq Xalıqverdi “Orta Sarıtel” havası üstündə ustadın “Sənsiz” şeirini oxuyur:
Kimin qəlbi yanar mənə,
Dərdin, qəmim coxdur sənsiz.
Namərdlərə boyun əydim,
Göz yaşlarım axdı sənsiz.
Bir necə dost bədəməldi.
Nə haraya, dada gəldi.
Nə birindən iş düzəldi,
Havadarın yoxdur sənsiz.
Adı insan, qəlbi şeytan,
Bilməz nədir ilqar, iman.
Üzə gülən, sözü yalan,
Bünlar qəliz cıxdı sənsiz.
Şəmşir, hiçvin deyilmiş az,
Qələm götür, şəhrini yaz,
Hər yetəndən Vurğun olmaz.
Ötdü, uzaq baxdı sənsiz.
Məclisin axarı bu yerə çatanda Vaqif üzünü Aşıq Şəmşirə tutub deyir:
- Şəmşir əmi, 1955-ci ildə atamla şəkil çəkdirdiyin Qara daşı görmək istəyi-rəm. Gəlsən, bir oranı da ziyarət edək.
Vaqifin xahişi ustadın ürəyindən olur. Gəzə-gəzə gəlirlər Qara daşın üstünə. Aşıq xeyli xəyala dalır. Şagirdləri ustadın pəjmürdə halını görüb 1959-cu ildə onun qələmə aldığı “Qayıtmaz” və Qara daşın dilindən cavab verdiyi “Qara daş” adlı qoşmalarını “Qaytarma” havası üstündə oxuyurlar:
Aşıq Gəray:
Dilə gəl, cavab ver, dilsiz Qara daş,
O böyük şairi-süxəndan hanı?
Gəlib sənə pənahlandı üç qardaş,
O istəkli dostu-mehriban hanı?
Qəmkeş Allahverdi:
Aşıq, demə yanmır daşın ürəyi,
Sual verdin, cavab belə qayıtmaz.
Getmir məndən o Vurğunun istəyi,
Gəldi-getdi, bir də elə qayıtmaz.
Aşıq Gəray:
Köksündə eşitdik kəklik səsini,
Çəmənin-çiçəyin saldı bəhsini,
Car-car bulaqların şəlaləsini,
Görəndə halını soruşan hanı?
Qəmkeş Allahverdi:
Bu ruzigar ona vurdu min yara,
Gəldi təbibləri, olmadı çara.
Gedəndə: “Əlvida”, - dedi dağlara,
Yol gözləmə, yüz min ilə qayıtmaz.
Aşıq Gəray:
Kölgədə daradı o ağ birçəyin,
Güləş gözlərinə taxtı eynəyin,
Hörmətin qazandı böyük-kiçiyin,
Səbəbkar işlərə qarışan hanı?
Qəmkeş Allahverdi:
Ha dolansan Kəlbəcəri, Qazağı,
Axtarma yaxını, gəzmə uzağı,
Əsməz tellərindən səhər sazağı,
Gözlərindən gülə-gülə qayıtmaz.
Aşıq Gəray:
Söz açdı, soruşdu Aşıq Qurbanı,
Oxudum sözünü, qaraldı qanı,
Biləm Qurban qəmli gəzib dünyanı,
Qədir bilən hanı, o insan hanı?
Qəmkeş Allahverdi:
Qəlbinə ruh verdi bu dağ, bu dərə,
Xoşuna çox gəldi gözəl mənzərə,
Necə deyim gedib ağır səfərə,
Məskən salıb, o, mənzilə qayıtmaz.
Aşıq Gəray:
Elə bil cavabda pərişan məni,
Qəlbi viran məni, bağrı qan məni.
Görsə soruşmazdı Mehdixan məni,
Deməzmi səninlə mehriban hanı?
Qəmkeş Allahverdi:
Kəsdi ümidini ondan öz yarı,
Gözünü tikməsin yollara sarı.
Fəxri Xiyabanda onun məzarı,
Bəzənib çəmənə, gülə, qayıtmaz.
Aşıq Gəray:
Şəmşir, bu dəhridən kim aldı kamı,
Əcəl bir dəryadır, ömür bir zəmi.
Füsunkar Füzuli, köçüb Nizami,
Nəsimi, Xaqani ey dövran, hanı?
Qəmkeş Allahverdi:
Dilə gəldi, cavab verdi Qara daş,
Leysan kimi hər yanından axdı yaş,
O səyyad ovlaqdan uzaşdı birbaş,
Uçdu sonaları gölə, qayıtmaz.
Əzizlərim! Aşıq Şəmşir ömrünün ixtiyar çağında onunla görüşə gələn Vaqif Səmədoğlu və gələn dostlarını böyük xətir-hörmətlə yola salır. Bir neçə ildən sonra bütün ölkədə ustad sənətkarın 85 illik yubileyi təntənə ilə qeyd edilir. Həmin yubiley tədbirlərinin də əsasını “Səməd Vurğun və Aşıq Şəmşir” mövzusu tutur. Harada, hansı şəraitdə olmağından asılı olmayaraq Aşıq Şəmşir Sə-məd Vurğunu ən əziz adamı kimi xatırlayır və onun vaxtsız ölümünə acıyır. Hə, əzizlərim! Vaxt gəlir, vədə yetişir, gün o gün olur ki, Aşıq Şəmşir ömrünün son günlərini yaşayır. Oğul-uşaq əl-ayağa düşür. Aşıq onları çağırıb deyir:
- Övladlarım, məndən sarı narahat olmayın! Səməd cəmi 50 il yaşadı. Budur, mən 87 sinnimə çatmışam, hələ də nəfəs alıram. Allah verən ömrü ləyaqətlə yaşadım, ləyaqətlə də gedirəm. Heyf ki, Səmədlə keçən günlərim çox qısa oldu. Şair vaxtsız köçdü. Mənə qələm-kağız verin, ürəyimə bir qatar söz gəlib, yazım, bəlkə bir az rahatlanam.
Bunu deyib ustad sənətkar elə yataqda elə-obaya vida nəğməsi olan “Salamat qalın ” qoşmasını yazır.
Yerində dirsəklənib qaşlarını çatır. Səməd Vurğunu xatırlayır. Yenidən qələmi əlinə alıb, yazmağa başlayır:
Gərək dil açaydın, Ceyran bulağı,
Aşığa sualın-sorğun olaydı.
Gərək soruşaydın Vurğunu məndən,
Təsəllidən bircə sarğın olaydı.
Onsuz ağlayıram hey için-için,
Əfsus ki, olmayır yuxularım çin.
Ustadın əksini saxlamaq üçün,
Bulaqlar axmayıb durğun olaydı.
Baxaydı Günəşə, baxaydı Aya,
Yolunu salaydı qərib talaya.
Təzədən gələydi şair dünyaya,
Yenə dərya təbi çılğın olaydı.
Ölmək xoşdur, onsuz burda qalınca,
Dərdi məni möhtac qoydu balınca.
Salaydı atını əlik dalınca,
Köhləni dağlarda yorğun olaydı.
Hicranın atəşi yamandır, yaman,
Əyir qamətimi, verməyir aman.
Şəmşiri torpağa tapşıran zaman
Son söz deyən Səməd Vurğun olaydı.
Şeir tamamlananda aşığın sinəsi atdanır.
Azca dikəlib “Ya bir Allah!” – deyir və ömür-gün yoldaşı Güllü xanıma müraciətlə:
Məni bağışlasın, əziyyət çəkdi,
Bir saatlıq qonağıyam Güllünün.
– misralarını qələmə alır.
07 fevral 1980-ci il
Modern.az