Modern.az

“Bakı” - “Qəbələ” oyununda şəhid zabitin futbolçu oğlu təhqir edildi - QALMAQAL

“Bakı” - “Qəbələ” oyununda şəhid zabitin futbolçu oğlu təhqir edildi - QALMAQAL

1 Fevral 2015, 21:57


Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün keçirilən “Bakı” - “Qəbələ” matçından  (0:2) sonra xoşagəlməz hadisə baş verib.

Modern.az-ın məlumatına görə, qonaqların futbolçusu Cavid Hüseynovla “Bakı” azarkeşləri arasında mübahisə yaranıb.

Oyun zamanı “Bakı” azarkeşlərinin millimizin üzvü C.Hüseynovu təhqir etməsi qalmaqala səbəb olub.

Polisin müdaxiləsindən sonra ara sakitləşib.

Qeyd edək ki, Cavid Hüseynov “Qəbələ”yə “Bakı”dan transfer olub. Cavid Hüseynov oyundan sonra rəqib komandanın azarkeşlərilə mübahisə etməsindən danışıb.

O, oyun zamanı sabiq komandasının azarkeşləri tərəfindən müxtəlif söyüşlərlə təhqir edildiyini bildirib:

“Onlara ayıb olsun. Mən “Bakı”da can qoymuşam. Aylarla pulsuz oynamışam. Mənə qoyduqları hörmət budur?”.

C. Hüseynov “Bakı”da müəyyən maliyyə problemləri olan zaman “Qəbələ”yə keçib.

Cavid Hüseynovun “Bakı” azarkeşləri tərəfindən söyülüb, təhqir olunması, atasının ünvanına xoşagəlməz ifadələr səsləndirilməsi futbol ictimaiyyətinin, xüsusilə müharibə veteranlarının narazılığına səbəb olub.

Modern.az-ın məlumatına görə, Cavidin atası Sakir Hüseyn oğlu Abbasov Qarabağ döyüşləri zamanı 896 saylı Cəbrayıl alayında batalyon komandiri olub. Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Qarabağ müharibəsi veteranı, tanınmış ziyalı, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Əlisoy bildirib ki, futbol ictimaiyyəti adından AFFA-dan tələb edəcəklər ki, şəhid ailəsinin təhqir edilməsinə görə “Bakı” klubu ciddi cəzalandırılsın.

””Bakı” klubundan tələb etməliyik ki, ən qısa müddətdə rəsmi surətdə şəhid ailəsındən üzr istəsin. Əks halda Cəbrayıl qazi və veteranları başda olmaqla bu vətən uğrunda döyüşən oğullardan sərt təpki görəcəklər. Necə ki, biz sağıq, kimliyindən, vəzifəsindən asılı olmayaraq heç kəs şəhid ailəsini təhqir edə bilməz. Ağlınızı başınıza yığın”.






A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir