Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycanda narkomaniya probleminin gənc qızların hesabına genişləndiyini deyib. Modern.az xəbər verir ki, onun fikrincə, hazırda buna görə həbs olunanların əksəriyyəti istehlakçılardır:
“Bu gün Azərbaycan həbsxanalarında yatan məhbusların 30 faizi narkomanlardır. Çünki qanuna görə kiminsə üstündə 0,5 qram marixuana, 0,5 qram tiryək tapılarsa, bu adamın narkoman olduğu, şəxsi istifadə üçün aldığı qəbul edilir. Amma narkomanlar bunu alanda tərəzi aparmırlar ki, dəqiq çəksinlər, artıq olan kimi onları həbs edirlər. Ona görə də həbs olunanların mütləq əksəriyyəti narkomanlar olur. Narkoman isə cinayətkar deyil, xəstədir. Cəzaçəkmə müəssisələri isə xəstələr üçün müalicə yeri deyil. Xəstələrin həbsxanalara doldurulmasının mənası yoxdur”.
Qüdrət Həsənquliyev deyib ki, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Gömrük Komitəsi tərəfindən aparılan işlər sayəsində narkotik maddələrin ölkəyə keçirilməsinin qarşısı alınır. Amma daha çox bu maddələri daşıyanlar və istifadə edənlər tutulur:
“Amma sindikatlar, bu işi idarə edənlər tutulmur. Çünki onlar ölkədən kənarda olurlar, əsasən də İranda. Buna görə də İranla ciddi danışıqlar aparılmalıdır”.
Onun fikrincə, son vaxtlar oğurluq hallarının sayının artması, yaşlı insanların 3-5 manata görə qətlə yetirilməsi də narkomanlar tərəfindən həyata keçirilir:
“Təəssüf ki, qızlarımız narkomaniyaya cəlb olunur, özü də bunu kişilər edir. Ona görə də maarifləndirmə işləri gücləndirilməlidir, universitetlərdə, məktəblərdə təbliğat işi qurulmalıdır”.
Modern.az