“Penitensiar sistemlə bağlı müzakirə aparılsın”
Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən və həbsdə saxlanılarkən türmədə atasız uşaq dünyaya gətirən məhkum Lamiyə Quliyevanın işi ilə bağlı məsələ Milli Məclisdə də qaldırılıb. Modern.az saytı xəbər verir ki, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə penitensiar sistemlə bağlı müzakirələr açılmasını istəyib.
Onun sözlərinə görə, əgər bu qadına törətdiyi cinayət üstündə 10 il cəza verilibsə, necə ola bilər ki, qətlə görə verilən cəzanın yarısına qədər də daxili nizam-intizam qaydalarını pozmağa görə cəzası sonradan artırılıb:
“Bu nə yanaşmadır? Ən dəhşətli fakt odur ki, bu gün həbsxanada həmin qadına ərizə yazdırırlar ki, o, öz xoşuma kiminləsə yaxın ünsiyyətdə olub. Halbuki, penitensiar sistemdəki qaydalara görə, məhbus nikahdankənar heç kimlə görüşə bilməz. Buna necə nəzarət olunub? İçəridən dustağa videomaterial yaydırırlar. Onda kim güvənər içəridə olanlara? Ora dövlətin nəzarətində olan bir yerdir”.
İqbal Ağazadə xatırladıb ki, bu qadının cəza müddəti yarıbayarı artırılıb, onun qohumları da həbs etdirilib. Bunu qisasçılıq adlandıran deputatın fikrincə, Azərbaycan məhkəmələri diqqətli olmalıdır:
“Yeganə orqandır ki, bu cür qeyri-hüquqi qərar çıxarıla bilər. Hər şeyi fərdlər həll etməməlidir. Vətəndaşın güvənə biləcəyi yerlər çox azdır. Məhkəmə Azərbaycan vətəndaşının ədalət gözləmədiyi yerə çevrilib”.
İqbal Ağazadənin çıxışına münasibət bildirən Milli Məclis sədrinin ümavini Bahar Buradova isə deyib ki, heç bir ölkədə məhkəmə sistemi ideal deyil.
“Çünki burada fərdlər iştirak edir – istər cinayəti törədən, istər hakim, istər prokuror. Amma bir-iki fakta görə bütövlükdə Azərbaycanın məhkəmə sistemini şübhə altına almaq olmaz. Bu, məsuliyyətsiz çağırışdır və belə bəyanat millət vəkilinə yaraşmaz”.
Modern.az