Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Yanvarın 31-də onun ürəyində ürəyində problem yaranıb. Yadigar Sadıqovun anası Gövhər Sadıqova Modern.az saytına bildirib ki, oğlu ilə fevralın 1-də əlaqə saxlayıb: “Həyat yoldaşı Yadigarın yanından təzə gəlib. Özüm onkoloji xəstəyəm, əməliyyat olunmuşam. Allah ona da, mənə də dözüm versin ki, gedim övladıma baş çəkim. Bilən bilir ki, mən hər dəfə oğlumun görüşünə gedəndə nə qədər əziyyət çəkirəm. Hər şey onun istəyindən asılıdır. Əgər desə ki, gəl, heç nəyə baxmadan gedəcəm.
Yadigara baş çəkməyə gedəndə həmişə ona ürək dərmanları aparmışıq. İndi deyir ki, həkimlər həmin dərmanları saxlayıb özləri başqasını verirlər. Ürəyində iki damarında sıxılma var. Bu gün onun yenidən müayinə etməlidirlər. Əvvəllər də oğlumun ürəyində problemi olub, amma müalicə alıb. Həbsxana şəraiti onun səhhətinə pis təsir edir”.
Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apelyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib. Yanvarın 13-də Ali Məhkəmədə Yadigar Sadıqovun cəzasından 6 ay çıxıldı, 3 il 6 ay cəza saxladı.
Yadigar Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Yeganə Oqtayqızı