Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral Gənclər günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Modern.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə tələbələri təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini ünvanladığını deyib. O, bildirib ki, Azərbaycanda gənclərə qayğı dövlət səviyyəsində həyata keçirilən istiqamətlərdən biridir.
Elmar Qasımov deyib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. O həmçinin vurğulayıb ki, Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamına əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunub və bu proqram sayəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təmin olunub. E.Qasımov həmçinin 26 yanvar 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edən sərəncam imzalandığını da xatırladıb. E.Qasımov bütün bu görülən işlərin Azərbaycan gəncliyinin inkişafına yönəldiyini və gənclərin daim dövlətimizin qayğı və diqqəti ilə əhatə olunduğunu vurğulayıb.
Rektor rəhbərlik etdiyi Ali Məktəbin fəaliyyəti, bu müddət ərzində əldə olunan nailiyyətlərindən bəhs edib.
Deyib ki, Ali Məktəbin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli mühəndislər yetişdirməkdir.
Hazırda Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil alan BANM tələbələri Aida Soltanova və Kamran Əliyev videogörüntü vasitəsi ilə Ali məktəbin bütün tələbələrini, o cümlədən öz qrup yoldaşlarını təbrik edərərək, bütün Azərbaycan gənclərinə öz salamlarını çatdırıblar.
Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından iştirak edən, BANM-ni müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbə gənclərin mükafatlandırılması mərasimi olub.
21 tələbə idman, 30 tələbə elm sahəsində, 241 tələbə isə ictimai-təşkilati işlərdə göstərdikləri fəalliyyətə görə mükafatlandırılıblar.
Modern.az