Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Bu barədə Musavat.com-a partiyanın mətbuat xidmətindən xəbər verilib.
Bildirilir ki, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
31 yanvar 2015-ci il tarixdə Müsavat Partiyasının və Şərqdə ilk Demokratik Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanı kəndində keçirilən bayram tədbirinin təşkili təqdirəlayiq hesab edilib.
Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqlının ürək xəstəliyindən uzun müddət əziyyət çəkdiyi, onun gec də olsa Penitensiar Xidmətin müalicə müəssisəsində yerləşdirilməsi, vicdan məhbusu Tofiq Yaqublu ilə vəkilinin görüşü barədə məlumat verilib.
Vicdan məhbusu Seymur Həzi haqqında qondarma ittihamlarla hökm çıxarılması pislənilib.
Tanınmış vəkil İntiqam Əliyevin fevral ayının 3-də və vicdan məhbusu Sirac Kərimlinin fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə proseslərini diqqət mərkəzində saxlamaq barədə qərar qəbul edilib.
Sabunçu və Səbail rayon təşkilatlarında hesabat-seçki yığıncaqlarına hazırlığın gedişatı barədə məlumat dinlənilib.
Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin fəaliyyəti barədə izahatı dinlənilib, müzakirələrdən sonra ona yol verdiyi Nizamnamə pozuntularına görə xəbərdarlıq elan olunub.
Divan iclasına çağırılması barədə Qubad İbadoğluna Nizamnamə tələblərinə uyğun xəbərdarlıq edilməsinə baxmayaraq, onun əslində üzrlü olmayan səbəbdən Divan iclasına gəlməməsi partiyanın Divanına qarşı hörmətsizlik kimi qiymətləndirilib. Yol verdiyi Nizamnamə pozuntuları müzakirə olunub. Q.İbadoğluna xəbərdarlıq edilməklə yanaşı, Divanın növbəti iclasına dəvət edilməsi, bu iclasa da qatılmayacağı təqdirdə haqqında müvafiq intizam tədbirinin görülməsi barədə qərar qəbul edilib.
Avropa Şurasında Azərbaycan nümayəndələrinin Rusiyanın səsvermə hüququndan məhrum edilməsi əleyhinə səs verməsi ölkəmizin geopoilitik maraqlarına zidd mövqe kimi pislənilib.
Bununla yanaşı, Rusiya silahlı birləşmələrinin Ukraynada apardığı dinc əhalinin də məhv edilməsi ilə nəticələnən hərbi əməliyyatları beynəlxalq hüquq normalarının kobud şəkildə tapdanması kimi qiymətləndirilib.
Sonda cari məsələlərə baxılıb.
Modern.az