“Anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Onunla bağlı cinayət işi Bakı şəhər Prokurorluğundan Nəsimi rayon Məhkəməsinə göndərilib. Digər iki həkim-onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi rayon Polis idarəsinə göndərilib”.
Bu barədə Modern.az-a həyat yoldaşı Elnarə Tofiqqızını həkim səhlənkarlığı ucbatından itirən jurnalist Anar Niftəliyev məlumat verib.
O qeyd edib ki, Müdafiə Nazirliyi daxili əmrlə qeyri-qanuni fəaliyyət göstərdiyinə görə Mahir Məmmədovun rütbəsini polkovnik-leytenant rütbəsindən mayor rütbəsinə endirib: “Amma hüquqi qiyməti Vergilər Nazirliyinin İstintaq İdarəsi verəcək.
Bu gün də saat 11-də məhkəmə başlayıb. Mən səhhətimlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmirəm. Heç bir məhkəmə bəraətindən söhbət gedə bilməz.
Yalnız Nəsimi polisi bəraət verib. Assistent Fərəcullah İdrisov dələduzluğa cəhd maddəsilə ittiham olunurdu. Nəsimi polisi onun əməlində dələduzluğa cəhd tərkibi görmədiyindən işə xitam verib. Biz isə həmin xitamdan Nəsimi rayon prokurorluğuna apelyasiya şikayəti vermişik. Çünki onun əməlində cinayət tərkibi var və istintaqdan kənarda qala bilməz”.
Elnarə Niftəliyeva 2013-cü il sentyabrın 20-də “Medi Sina” xəstəxanasında süd vəzi kanalının papillomasından əməliyyat zamanı ağ ciyər çatışmazlığından dünyasını dəyişib.
Gülşən RAUFQIZI