“Hadisə iki il əvvəl baş verib. Doğurdan da keçmiş baş həkim Pənah Əliyevin pasientlə mübahisəsi düşüb. Bu hadisədən sonra da nazir Oqtay Şirəliyev onu tutduğu vəzifədən azad edib”.
Bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun fikrincə, indiki baş həkim savadlı, həm də çox sakit təbitəli bir insandır: “Onun bu hadisə ilə bağlılığından söhbət gedə bilməz. Sadəcə, anlamadığım budur ki, saytlar köhnəlmiş xəbəri niyə gündəmə gətirir?”
Qeyd edək ki, hadisə barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Bildirilib ki, vaxtilə sözügedən poliklinikada müalicə alan bir xanım pasient ora gələrək özünün xəstəlik tarixçəsini almaq istəyib. Ondan şəxsiyyət vəsiqəsi tələb olunduqda bildirib ki, sənədi üstündə deyil. Həkimlər qadına deyiblər ki, şəxsiyyət vəsiqəsi olmadan ona sənədi verə bilməyəcəklər. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman koridorda olan baş həkim Pənah Əliyev söhbətə müdaxilə edib. Mənbə bildirir ki, baş həkim qadını ağır ifadələrlə təhqir edib. Qadın Pənah Əliyevə cavab qaytarıb və ortalıq qarışıb. Pənah Əliyev qadını hamının gözü qarşısında döyməyə başlayıb. Baş həkimin zərbələrindən huşunu itirən qadın yerə yıxılıb. Həkimlər onu Pənah Əliyevin əlindən zorla alırlar və ilkin tibbi yardım göstərdikdən sonra evinə yola salınıb.
Məlumatda o da qeyd olunub ki, baş həkim Pənah Əliyev pasienti döydüyünə görə səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən işdən azad edilib.
Gülşən RAUFQIZI