“Rusiyada təxminən 1,5 - 2 milyon azərbaycanlı yaşayırdı. Hazırda bu rəqəm azalıb. Səbəbi təbii ki, Rusiyada baş verən iqtisadi-siyasi böhran, həmçinin miqrasiya məsələləridir”.
Bu haqda Modern.az-a Azərbaycanın Rusiyadakı diaspor nümayəndəsi İlqar Hacıyev məlumat verib.
O qeyd edib ki, bəziləri miqrasiya qərarına uyğun olaraq sənədlərini sahmana salmaq üçün Azərbayacana qayıdır, əksəriyyəti isə birdəfəlik gedir: “Hazırda Rusiyada qalmağa davam edən azərbaycanlıların bir qismi vətəndaşlığı olanlar, digər qismi isə burda patent sahibi olanlardır.
Əvvəlcədən burada məskunlaşıb iş-güc sahibi olanlar işləyirlər, vəziyyətə uyğunlaşıblar. Söhbət həm də təkcə azərbaycanlılardan getmir. Bəli, vəziyyət pisdir, amma bu azərbaycanlılara qarşı istiqamətlənmiş bir şey deyil. Burda yaşayan hər kəs üçün çətindir. Millətə görə ayrı-seçkilik aparılmır, firavanlıq da, çətinlik də hamı üçündür”.
O, qısa müddətdə təxminən 10 mindən çox azərbaycanlının Rusiyadan çıxdığını deyib: “Əksəriyyəti müvəqqəti yaşayanlardır. Bazarlarda ticarətlə, kiçik bizneslə məşğul olanlar artıq vətənə qayıdıblar”.
İlqar Hacıyev bildirib ki, bu gün Azərbycan ən uğurla inkişafına davam edən ölkələr sırasında ilk beşliyə daxil olubsa, azərbaycanlı Rusiyada qəpik-quruş qazanmaq əvəzinə vətənə dönməlidir: “İllər əvvəl insanlar bura qazanc üçün gəlirdi, ailədən ayrı, çətinliklə pul qazanırdılar. İndi isə vətəndə hər cür şərait yaradılıb. İnsanlar da ailəsindən ayrı qalmır. Təbii ki, bu Azərbaycan adına çox qürurverici bir haldır”.
Gülşən RAUFQIZI