Namidə BİNGÖL
Həftənin siyasi hesabatını təqdim edirəm.
Yola saldığımız həftə Milli Məclis üçün məhsuldar keçdi. Deputatlar yaz sessiyasının ilk iclası üçün toplaşdı.
Amma, mətbuatda ən çox müzakirə olunan mövzu Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimovun polisə “dana” deyərək müraciət etməsi oldu. Əslində, deputatın sözlərində şişirdiləcək heç nə yox idi.
Qanunun keşiyində dayananlar həm də qanunları bilməlidir. İşə götürülən gənclər işləri bağlı təlimatlandırılsalar da bəzən xoşagəlməz hallara şahid oluruq. Hər halda, Milli Məclisdə təmsil olunan deputatını, nazirini, prezidentini tanımayan bir gəncin əynində dövlətin atributlarını daşıması bir az paradoksdur.
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə günahkar bilinən Lamiyə olayı artıq ikinci həftədir ki, davam edir. İşin gedişində konkret dəyişiklik olmasa da, növbəti məhkəmə tarixi bəllidir. Belə ki, fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
İndi isə həftənin səsli-küylü hadisəsinə diqqət çəkmək istəyirəm.
Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Müsavat Partiyasından xaric edildi. Bir vaxtlar müxalifətin önündə Müsavat Partiyası böyük nüfuza sahib idi. Onların içində müdrik düşünənlər çoxaldıqca cəmiyyətin bir qismi baş alıb hara və kimə pənah aparacağını çox gözəl bilirdi.
İndi isə Müsavat Partiyasının gözünə heç nə görünmür. Təbii ki, növbəti mərhələdə baş verənlər kiminsə qoçaqlığını üzə çıxarmadı. Təəssüf ki, bu “oyunda” kiməsə qəhrəman da deyə bilməyəcəyik. Sadəcə olaraq, siyasi meydanda aylardır Qubad İbadoğlu-Arif Hacılı qarşıdurması davam edirdi. Hər halda, Arif Hacılının Müsavatın başqanı seçilməsi heç bir rakursdan yaxşı mənada qiymətləndirilmədi. Əstəğfurulla. Bu, Arif Hacılı yaxşı siyasətçi deyil anlamına gəlməməlidir. Sadəcə olaraq, proseslər onu deməyə əsas verir ki, Arif Hacılı Müsavatın uğurlu başqanı kimi tarixə düşə bilməyəcək. Təbii, Arif Hacılı özünü başqan kimi görə bilər və ən azından buna əsası var. Amma tarixin yaddaşı üçün bu yetərli deyil.
Əcəba, Müsavat sıralarını tərk edənlərin sayı artdıqca, yeni başqanın verdiyi mesajlar növbəti çarpışmalara rəvac verməyəcəkmi?! Və yaxud da partiyada illərlə külüng döyənlərin bir göz qırpımında üz çevirib getməsi düşündürücü deyilmi?! Suallar kifayət qədərdir.
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu 19 ildən sonra Müsavatın sıralarını tərk etməli oldu. Bu, cəmiyyətdə birmənalı qarşılanmadı və qarşılana da bilməzdi. Müsavatın üzvləri arasında da qarışıq fikirlər dolaşır. Bəziləri üçün bir partiya daxilində qarşıdurmaların bolluğu normaldır.
Məsələn, müxalifət arasında kifayət qədər hörmətə malik olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Arif Hacılı ilə Qubad İbadoğlu arasından qara pişiyin keçməsindən xəbərsiz olduğunu desə də, bu cür olayların partiyanın silkələnməsinə gətirib çıxaracağını bir türlü qəbul etmir. Ola bilsin ki, Mehman Əliyevin baxışlarının arxasında hansısa partiyaya qarşı güclü nifrət gizlənir.
Yoxsa, özünün də təmasda olduğu bir partiyada olanları bu dərəcədə görməzlikdən gəlməklə, “mənim dünyadan xəbərim yoxdur” demək olmaz. Dediyim kimi, partiyanın əvvəlki balansının restavrasiya olunacağına ümidi tükənməyənlər də var.
Bu arada, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Qubad İbadoğlunun partiyadan ayrılmasını təəssüf hissi ilə qarşılayıb. Amma diqqətimi bu yox, baş redaktorun maraqlı fikri çəkdi. “Biz xəbər də verək, tərəfləri də danışdıraq, amma mühakimə jurnalistin, yazarın işi deyil”. Məncə, Rauf Arifoğlu fikirlərində haqlıdır.
Sadəcə, Arif Hacılı ilə Qubad İbadoğlu siyasi cameənin fəal üzvləridir.
Müsavatın keçmiş başqanı İsa Qəmbərin proseslərə seyrçi qalması tərəflərin işinə müdaxilə etməmək kimi qiymətləndirilə bilər. Amma, siyasətin bəlli sifəti var. İdarə edənlər hər zaman üçüncü, dördüncü hətta beşinci planın mərkəzində qərar tutur. Bu mütləqdir.
Deməli, proseslərin gedişində İsa Qəmbər görünməlidir. Çünki başqa çıxış yolu yoxdur. Əks halda, İsa Qəmbər Müsavatın yeganə başqanı kimi tarixdə qalacaq. Dediyim kimi, siyasi oyunun heç-heçə yekunlaşması istisna deyil.