Modern.az

Rusiyanın psixoloji cəhətdən üstünlüyü, Avropanın ritorikasını dəyişməsi – ŞƏRH

Rusiyanın psixoloji cəhətdən üstünlüyü, Avropanın ritorikasını dəyişməsi – ŞƏRH

9 Fevral 2015, 14:15

“Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Moskva səfərindən sonra Rusiya psixoloji cəhətdən üstünlük qazanıb. Fevralın 11-də Almaniya, Fransa, Rusiya və Ukrayna prezidentlərinin Minskdə zirvə toplantısının da baş tutacağı şübhə altındadır”. Modern.az xəbər verir ki, bunu “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, ekspert Razi Nurullayev deyib.

O qeyd edib ki, ötən gün separatçılarla döyüşdə Ukrayna ordusu 12 ölü, separatçılar isə 70 ölü veriblər. Analitik hesab edir ki, bu baxımdan Rusiya prezidenti Vladimir Putin geri çəkilmək niyyətində deyil.  Onun fikrincə, bunu Moskvada həm Merkel, həm də Fransua Olland hiss ediblər.

“Bundan nəticə çıxaran hər iki dövlət başçısı artıq ritorikalarını da dəyişiblər. Onlar Ukraynanın Şərq vilayətlərinə böyük muxtariyyət verməsini dilə gətirirlər. Çünki, Avropa Birliyi ABŞ qədər qətiyyət göstərmir. Əslində, ABŞ da Putinin tərəfdaşlar arasına nifaq salmasını əngəlləmək üçün ciddi qüvvə sərf edir. Putin açıq-açığına Avropanı təhdid edir. Elə Jirinovskinin dünən Paris və Berlini bombalama təhdidi də bu sıradandır.

İnana bilmirəm ki, Jirinovski özü prezident olsa idi, Almaniya və Fransanın bombalanmasına qərar verərdi. O, sadəcə Putinin mövqeyini çatdırır və həm də Qərbə mesaj verir. Mesaj ondan ibarətdir ki, Rusiya geri çəkilməyəcək və əgər Qərb Rusiyaya təzyiq üçün hərbi metodlara əl atmaq barədə düşünərsə, Moskva zərbələr endirə bilər. Yəni cavab netdir: “geri çəkilən deyilik”. Məncə, Angela Merkel və Fransua Ollandın da fevralın 6-da Moskvada keçirdikləri görüşdə də bu məsələlər barədə mövqeləri qətiləşib. Elə buna görə də onların mövqelərində dəyişiklik yaranıb.  

Hazırda, onlar Ukrayna hakimiyyətinin separatçılara güzəştə getməsini istəyirlər. Geniş səlahiyyətlərin verilməsi elə Şərq vilayətlərinin sonunda müstəqilliyə aparması deməkdir. Bu mübarizədə qətiyyətlə hərəkət edən Barak Obamadır. Bəlkə də, ABŞ qorxusu olmasa idi, Putin Kievi də ələ keçirərdi. ABŞ qəti addımlar atmağa başlayıb və Ukraynanı silahlandıra bilər. Yeganə ümid yeri budur. Çünki, Rusiyanın iqtisadi çöküşü Putini daha aqressiv edir”,-deyə Razi Nurullayev şərh edib.  

Aqşin Kərimov  


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir