Azərbaycanda heç bir məmur, deputat vəzifəsindən, mandatından öz xoşu ilə imtina etmək istəmir. Buna istefa mədəniyyətinin formalaşmamsı kimi yanaşmaq olarmı? Könüllü istefa hansı zərurətdən yaranır? Modern.az saytının suallarını Milli Məclisin keçmiş deputatı, iqtisadçı-ekspert Nazim Məmmədov cavablandırıb.
O bildirib ki, özünə hörmət edən şəxs istər deputat, istər yüksək çinli dövlət məmuru olsun, istefaya getməyi ictimai qınaq əsasında həyata keçirməlidir: “Əgər məmur haqqında onun səlahiyyətləri ilə bir araya sığmayan ciddi dəlillər, sübutlar, hətta dövrü mətbuatda şübhələr varsa, onlar özlərinə və cəmiyyətə hörmət əlaməti olaraq istefaya getməlidir. Sivil dünyada siyasətçilər hətta övladlarının hər hansı hərəkəti ucbatından təmsil olunduqları siyasi partiyanın və özünün nüfuzunu qorumaq üçün istefaya gedirlər. Bu normal qarşılanır və cəmiyyət onlara ikinci dəfə bir şans da verə bilir. Biz ümid edək ki, Azərbaycan sivil dünyanın bir parçasıdır. Bu istiqamətdə islahatlar aparılır”.
Nazim Məmmədovun fikrincə, könüllü istefa vermək üçün insanların özlərində təpər olmalıdır: “ Bəzi məmurların tutduğu mövqeyə görə insanların bir hissəsi yaltaqlanmaqla, bir hissəsi məddahlıqla xoş sözlər deyə bilər. Ancaq bu o demək deyil ki, onlar cəmiyyətdə hörmətə layiqdirlər. Bu, mənəvi məsələdir. O insanlar vəzifədən getdikdən sonra cəmiyyət içinə çıxa bilmirlər. Onlara hər hansı hörmət olmur. İnsan öz aqibətini və axirətini düşünməlidir”.
Nazim Məmmədov bəzi rayonların icra hakimiyyəti başçılarının insanlara zülm etdiyinin dəfələrlə şahidi olduğunu da deyib: “Belə adamın vəzifədən gedişi əhali arasında toy-bayram olur. Bəzi deputatlar seçicilərini saymır, seçildiyi rayonun ancaq rəsmi tədbirlərinə qatılır. Öz işini bununla bitmiş hesab edir. Yeni Azərbaycan Partiyasında da bəzən belə şəxslərə rast gəlmək olur. Partiyanın resursuna arxalanırlar. Bu adamlar səmimi deyillər. Şəxsi maraqlarını həm dövlət, həm də ictimai maraqlardan üstün tuturlar. Bu insanlara tövsiyəm ondan ibarətdir ki, istənilən iş, vəzifə müvəqqətidir. İnsanın özündən sonra yaşayan övladlarını düşünməlidir”.
Yeganə OQTAYQIZI