Bu gün Milli Məclisi İnsan hüquqları komitəsində “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az saytının verdiyi xəbərə görə, komitəsinin sədri Rəbiyyət Aslanova layihə barədə danışarkən bildirib ki, bu, vətəndaşların problemləri ilə bağlı yuxarı orqanlara müraciət etməsini asanlaşdıracaq.
Onun sözlərinə görə, qanun qəbul olunacağı təqdirdə vətəndaşlar müraciətləri əsasında üzləşdiyi problemin aradan qaldırılması, yuxarı orqanları məlumatlandırmaqla informasiya vermə, bu və ya digər məsələ ilə bağlı təşəbbüskar olma funksiyalarının yerinə yetirilməsinə təkan verəcək: “Vətəndaşların müraciətləri ilə hər birimiz üzləşirik. Son illər prezident İlham Əliyevin də hər birimiz qarşısında qoyduğu ən mühüm tapşırıq və tələblərdən biri vətəndaşların müraciətlərinə baxılması, həmin müariciətlərin həllinə nail olunmasıdır.
Təsadüfi deyil ki, dövlət, icra strukturlarının rəhbərləri, nazirlər, komitə sədrləri də son vaxtlar bölgələrdə qəbul keçirir, vətəndaşları dinləyir və onların müraciətlərinin həllinə çalışırlar. Bu, demokratik cəmiyyət quruculuğu üçün ən vacib elementlərdən biridir.
Onu da nəzərinizə çatdırım ki, indiyə kimi bu məsələni 1997-ci ildə qəbul olunan “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” qanun tənzimləyirdi. Bu qanunun qəbulundan xeyli keçib və bu müddətdə cəmiyyətdə xeyli dəyişikliklər, müsbət irəliləyişlər baş verib”.
Layihə barədə danışan deputat Cavanşir Paşazadə qeyd edib ki, şikayətlərin, müraciətlərin haqlı olub-olmaması məsələsi də araşdırılmalıdır: “Bizim köməkçilərimiz rayon məhkəmələrində iştirak etsə, məhkəmə qərarlarının haqlı olub-olmadığını müəyyən edə bilərlər. Bu baxımdan vətəndaşların məhkəmələrdən şikayətinin qərəzli olub-olmaması da müəyyənləşə bilər”.
Deputat Yevda Abramov isə qeyd edib ki, müvafiq dövlət orqanları vətəndaşların şikayətlərini dinləməli və onlara heç bir əngəl yaratmamalıdır.
Layihə müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Aqşin Kərimov