Bu gün dünya elminin qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində nadir mütəxəssislərdən olan professor Rafiq Əliyevin 73 yaşı tamam olur. 1942-ci ilin bu günündə Ağdamda anadan olan, hazırda dünyanın bir çox ölkələrinin məhşur universitetlərində mühazirələr oxuyan, dərslikləri uzun müddətdir metodik vəsait kimi tədris edilən Rafiq Əliyev ad günü təəssüratlarını Modern.az-la paylaşıb:
“Sonuncu dəfə ad günümü 60 yaşım tamam olanda keçirtdik. Onda da dostlarım məcbur elədilər ki, 60 illiyi qeyd edək. Ondan sonra ad günü keçirməmişəm. Həyat yoldaşım Aidə xanımın vəfatından sonra isə ümumiyyətlə, keçirməmişəm. Heç evdə də yığışmırıq. Ancaq bir adamın sözündən keçə bilmirəm. O da həm qardaşım, həm dostum Ramiz Rövşəndir. Təşkil etdiyi tədbirdə qəribə bir söz deyib: “Uşaq doğulanda demirlər ki, evə gəldi, küçəyə gəldi, ölkəyə gəldi. Deyirlər ki, dünyaya gəldi. Mən hesab edirəm ki, azdan-çoxdan Azərbaycanı tanıtmaq üçün dünyaya gəldiyimə görə Tanrıya minnətdaram. Dünyada Azərbaycan üçün nə isə edə bilmişəmsə bu böyük şeydi”.
Bu, Ramiz Rövşənin fikridir. Öz fikrim odur ki, Tanrıya və valideynlərimə, bir də həyat yoldaşımın ruhuna çox minnətdaram ki, onların sayəsində nə isə edə bilmişəm. Təbriklərə görə hamınıza minnətdaram. O qədər zənglər, mesajlar gəlir... Amerikadan, Almaniyadan və başqa-başqa yerlərdən, tələbələrimdən, Lütfi və Fey Zadədən təbriklər gəlir. Amma bunların içərisində bir təbrik mənim üçün çox əzizdir. Bu gün həyat yoldaşımın qəbri üstündə onun verdiyi təbrik mənim üçün çox doğmadır. Heç nə onu əvəz edə bilməz”.
Elmin NURİ