Fevralın 7-də Qazax rayonunda Prezidentin Sərəncamına əsasən general Əliağa Şıxlınskinin 150 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Mərasim Müdafiə Nazirliyi və Qazax rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Modern.az xəbər verir ki, yubileylə əlaqədar olaraq şəhər başdan-başa Ə. Şıxlınskinin portretləri, bayraqlar ilə bəzədilib və teatrlaşdırılmış kütləvi tamaşa hazırlanıb.Mərasimdə Qazax Xeyriyyə Cəmiyyətin sədri Vidadi Bayramov, akademik Teymur Bünyadov, millət vəkili Əhməd Vəliyev, güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, əməkdar incəsənət xadimi Ziya Şıxlınski iştirak ediblər.
Olimpiya idman kompleksində keçirilən tədbirdə çıxış edən İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ə. Şıxlınskinin 150 illik yubileyi ilə bağlı Prezidentin imzaladığı sərəncamın və mərasimlərə Qazax rayonundan başlanmasının əhəmiyyətindən danışıblar. Daha sonra akademik Teymur Bünyadov, millət vəkili Əhməd Vəliyev çıxış ediblər. Onlar da çıxışlarında bu cür tədbirlərin Qazaxdan başlanmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Mərasim iştirakçıları eyni zamanda Qazax rayon icra Hakimiyyətinin başçısı Ayaz Əsgərova və Müdafiə naziri Zakir Həsənova minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyev 20 noyabr 2014-cü il tarixində görkəmli hərbçi xadim general Əliağa Şıxlınskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Əliağa Şıxlınski 1865-ci il martın 3-də Qazax qəzasının (Qıraq Salahlı) məhəlləsində anadan olub. 1883-cü il rus ordusunda xidmətə başlamış və orda general rütbəsinə qədər yüksəlmişdir. 1918-ci il Azərbaycan Demokratik Cumhuriyyəti yarandıqdan sonra Azərbaycan dönmüşdür. 1918-ci dekabr ayında Azərbaycan demokratik cumhuriyyətinin hərbi nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprelin 27-də Azərbaycan Sovet imperoyası qurlduqdan sonra Sovet silahlə qüvvələrində xidmət etmişdir. 1929-cu il istefaya çıxan general Əlağa Şıxlınski bir çox orden, medal, o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur. Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.
Fotolar: Yuri Varnovski