Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi keçirilib. Vəkili Fariz Namazlı Moderin.az saytına deyib ki, prosesdə Rəsul Cəfərov ifadə verməkdən imtina etsə də, sonradan məhkəmənin və prokurorun suallarını cavablandırıb: “O, bildirib ki, heç vaxt qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb. Təşkilata daxil olmuş vəsaitlərin bəziləri qrant, bəzisi ianə, bəzisi də mükafat olub ki, burdan da hər hansı vergi tutulmur. Qrant vəsaitləri də təyinatı üzrə xərclənib. Müqavilələrdə göstərilən işlərin hamısı görülüb.
Fariz Namazlı müvəkkilinin ifadə verməkdən imtina etməsinin səbəbini də açıqlayıb: “Ötən məhkəmə prosesində Rəsul Cəfərov ittiham aktının mahiyyətinin ona aydın olmadığını deyib. İstintaq orqanı göstərilən məbləğin həqiqətən də Rəsul Cəfərovun bank hesabına daxil olub-olmadığın göstərməyib. Rəsul Cəfərov ona verilən ittihamlarla özünü təqsirli bilmir.
İş üzrə altı zərərçəkən şəxsdən üçü məhkəmədə iştirak edirdi. Bildirdilər ki, Rəsul Cəfərovla bağlı hər hansı şikayətləri yoxdur. Gördükləri işin müqabilində verilən məbləğlə razılaşıb alıblar. Özlərini də zərərçəkən hesab etmirlər. Proses fevralın 24-də davam edəcək”.
İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.
Yeganə OQTAYQIZI