Elə insanlar var ki, onlar tarixin, eləcə də tarixin hər çağındakı bütün siyasi maraqların fövqündə qalmağı bacarırlar. Azərbaycan Xalq Cumhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə də belə şəxsiyyətlərdəndir. Amma son illər qəribə bir tendensiya müşahidə edilir. Belə ki, bir neçə müxalif partiya tez-tez Məhəmməd Əmin Rəsulzadənin adını hallandırır, onun yalnız özlərinə mənsub olmasını diqqətə çatdırmağa çalışır. Ümumiyyətlə, böyük şəxsiyyətə bu cür yanaşma hansı boşluqlardan bəhrələnir? Rəsulzadə isminin daim hallanması təbii ki, təqdirəlayiqdir. Amma onu dövlətdən, xalqdan ayırıb sırf özünə aid etmək, daha doğrusu, özününküləşdirmək nə dərəcədə doğrudur?
Milli Məclisin deputatı, tarixçi professor Musa Qasımlı Modern.az-a deyib ki, Rəsulzadə amilinə siyasi deyil, tarixi yanaşma lazımdır: “Cümhuriyyətimizin qurulmasında böyük rol oynayan Müsavat Partiyasının tarixi Azərbaycan tarixinin bir parçasıdır. Ona siyasi deyil, tarixi yanaşma lazımdır. Tarixin yersiz siyasiləşdirilməsi və ideologiyalaşdırılması yolverilməz və ziyanlıdır. Azərbaycan xalqının maariflənməsində, milli özünüdərkinin güclənməsində, milli şüurunun formalaşmasında və milli-azadlıq mübarizəsində müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin adının bir partiya tərəfindən istismar edilərək mənimsənilməsi cəhdləri yanlışdır. Onu məhdud partiya çərçivəsinə salmaq səyləri tariximizə düzgün yanaşma deyil”.
Araşdırmaçı Aslan Kənan isə Rəsulzadəyə olan münasibətin bu cür olmaması üçün bəzi tabuların götürülməsini istəyir: “Məhəmməd Əmin Rəsulzadə bu xalqın, bu millətin övladıdır. Bu xalqa məxsusdur. Bu cür baxışın aradan götürülməsi üçün yaxşı olardı ki, onun üzərinə qoyulan tabular götürülsün.
Əgər bu tabu götürülməsə, elə bu cür də davam edəcək. Onu müxalifət də, iqtidar da, başqa partiyalar da bir tərəfə çəkəcək. Təsəvvür edin ki, evdəki uşağı ata bir tərəfə, ana o biri tərəfə çəkir. Hamımız bilirik ki, Kukla teatrının qarşısında onun heykəlini qoyulmalı idi. Amma sonra orada fantanlar bağı saldılar. Bu vəziyyətə birdəfəlik nöqtə qoymaqdan ötrü yaxşı olardı ki, Məhəmməd Əmin Rəsulzadənin adını universitetə qaytarsınlar. Üzeyir Hacıbəylinin adını yenidən konservatoriyaya qaytardılar. Üzeyir bəy də bizimdir, Rəsulzadə də. Məhəmməd Əmini Üzeyirdən ayırmaq lazım deyil. Necə olur ki, onun adını qaytarırlar, bunun yox?! Məhəmməd Əminin Üzeyirdən aşağı, Üzeyin bəyin də ondan aşağı fəaliyyəti olmayıb.
İkisi də çox dəyərli insanlardır. Üzeyir bəy haqqında kifayət qədər araşdırmalar aparmışam, qadağan olunan yazılarını da ilk dəfə mən kitab halında çap etmişəm. Deməyim odur ki, bütün partiyalar və onların nümayəndələri bu millətin övladıdır, Məhəmməd Əmin də. Odur ki, o, hamınındır, hər hansı bir partiyanın yox!”
Elmin NURİ