Dağlıq Qarabağdakı separatçı rejiminin “xarici işlər naziri” Karen Mirzoyan bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Dağlıq Qarabağın Azərbaycanlı İctimasının Qarabağa heç bir dəxli yoxdur.
Bu “açıqlamanı” Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərovu hiddətlə qarşılayıb.
B.Səfərov Modern.az saytına bildirib ki, rəhbərlik etdiyi icmanın 80 mindən çox üzvü var.
“Ancaq bu gün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında yaşayan ermənilərin sayı 30 mindən aşağıdır və bu rəqəm getdikcə azalır. Ermənistan rəhbərliyi də bunu yaxşı bilir. Bu, bir daha göstərir ki, rəsmi Yerevan öz xalqına qənim kəsilib. Bu gün Ermənistanda və Qarabağda yaşayan ermənilər övladlarını hərbi xidmətdən yayındırmaq üçün ailəlikcə başqa ölkələrə qaçırlar. Bu onun göstəricisidir ki, artıq ermənilər müharibədə uduzduqlarını bilirlər və övladlarının ölümünü istəmirlər”.
Bayram Səfərov onu da bildirib ki, Karen Mirzoyan belə açıqlama verməklə, ciddi narahat olduqlarını ortaya qoyur.
“Bizim Qarabağa aidiyyatımız olmasaydı, o, belə narahat şəkildə danışmazdı. Karen yaxşı bilir ki, biz çox yaxın zamanlarda öz torpaqlarımıza qayıdacağıq və o, bu məsələdən təşviş keçirir. Çünki biz öz torpaqlarımıza qayıdan zaman “karenlər” xalqa nə cavab verəcəklər kimi məsələnin fərqindədirlər. Ona görə də vaxtaşırı öz daxili auditoriyalarına yönəlik böhtan, əsasa söykənməyən fikirlər səsləndirirlər. Bu gün Azərbaycan ordusunun gücünə, Azərbaycan xalqının sosial rifah halına, azərbaycanlıların say artımı məsələsinə baxaq və eyni məsələni Ermənistanla müqayisə edək.
Kifayət qədər fərqlər ortaya çıxır. Bu onu göstərir ki, artıq Ermənistan tənəzzülə uğrayır. Eyni zamanda xalqı əsarətində saxlayan Qarabağdakı qondarma rejim bütün bunları anlayır. Bir daha deyirəm ki, azərbaycanlıların geri qayıdacağını anladıqlarına görə, bu kimi sərsəm fikirlər səsləndirirlər. Karen öz yaxınlarının, özünün aqibətini düşünsün. Qarabağdakı Azərbaycan vətəndaşları olan erməniləri niyə bu hala saldıqlarının səbəbini nəylə izah edəcək? Karen anlamalıdır ki, törətdikləri cinayət əməllərinin cavabını həm Azərbaycan xalqı, həm də ermənilər qarşısında verməli olacaq.
Onlar yaxşı bilirlər ki, bizim icmanın 80 mindən çox üzvü var. Bunun böyük bir hissəsini də xocalılar təşkil edir.
Bu gün Ermənistanın Xocalıda törətdiyi soyqırımını dünyanın əksər ölkələri tanıyır və bu proses davam edəcək. Əgər bütün dünya Xocalı soyqırımını tanıyırsa, bizim icmanın Qarabağa necə heç bir aidiyyatı yoxdur?
Xankəndidən, Şuşadan və digər ərazilərimizdən dünya səviyyəsində tanınan dahilərimiz var.
Karen Şuşada doğulan bir məhşur erməni göstərə bilərmi? Təbii ki, yox. Çünki yoxdur. Çünki o yerlərdə azərbaycanlılar yaşayıb. Bundan sonra da azərbaycanlılar yaşayacaq. Ən azından tarixə diqqət yetirsinlər. Bilməlidirlər ki, Qarabağ Xanlığı olub. Xanlığın ermənilərə nə aidiyyatı var?
Biz onlara münasibətdə bəzən çox humanistliyə yol vermişik. Fikirləşmişik ki, bir yerdə yaşayaq. Ancaq Ermənistan bu humanistlikdən sui-istifadə edib, insanları öz dədə-baba yerlərindən köçkün saldı.
Bütün bunlara baxmayaraq, biz yenə də öz evimizə qayıdacağıq. O gün çox uzaqda deyil. Və biz yenə də sadə ermənilərlə bir yerdə yaşayacağıq. O zaman “karenlər” necə olacaqlar, onu düşünsünlər.
Artıq dünya çapında gedən proseslər, indiki geosiyasi situasiya bunu diqtə edir. Həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı separatşı rejim bunu anlayır. Ona görə də Ermənistan rəhbərliyi, Qarabağdakı cinayətkar rejim sadə ermənilərin qınağına tuş gəlməmək üçün vaxtaşırı öz auditoriyalarına işləyən bəyanat verirlər. Bunun da heç bir nəticəsi olmayacaq. Karenə məsləhətim odur ki, səhvlərini etiraf etsin, o zaman icazə verəcəyik ki, bizimlə birgə yaşasın. Onda Karen görəcək ki, Qarabağın bizə necə aidiyyatı var”.
Ulduz İBRAHİMOVA