Deputat Vahid Əhmədov fevralın 12-də Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilən ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasın;n keçirilməsinə münasibət bildirib.
Modern.az saytının məlumatına görə, Vahid Əhmədov Milli Məclisin bugünkü iclasında bu barədə danışarkən söyləyib ki, bəziləri “Cənub Qaz Dəhlizi” layihəsinin realaşmasına problem yaratmaq istəyirlər:
“Son zamanlar bu layihəyə problem yaratmaq istəyini müşahidə etmək olar. Rusiya “Cənub axını” layihəsi əsasında öz qazını Avropa bazarına çıxarmaq istəyir. Türkiyənin enerji naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında da Rusiya tərəfindən açıqlamalar verilir. Fikrimcə, burada məqsəd odur ki, Azərbaycan qazını mümkün qədər Avropaya gec çıxarsın. Deputatlar xaricdə səfərdə olanda bu haqda da danışmalı və bildirməlidirlər ki, bu, Avropa üçün də əhəmiyyətlidir. Neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir”.
Aqşin KƏRİMOV