Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarından danışıb. O bildirib ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq 100-ə yaxın evi silahlarla hədəfə alıb.
“6 nəfərlik bir ailənin - Nəbiyev İsmayıl Əkbər oğlunun evini silahlarla hədəfə alaraq yandırıblar. Atəş ataraq yanğını söndürməyə gələn yanğınsöndürənlərə belə, evi söndürmək imkanı verməyərək, bütün qeyri-insani əməllərə əl atıblar. Bundan başqa kənd sakini Əliyeva Xatirə Tofiq qızı evlərinin silahlarla atəşə tutulması istiqamətində yaralanıb”.
Xatirə Əliyevanın evində pəncərədən daxil olan güllə ilə yaralandığını və müalicə aldığını deyən millət vəkili Qənirə Paşayeva ATƏT-in Minsk Qrup həmsədrlərini Ermənistanın bu cür qeyri-insani əməllərinə qarşı etiraz səslərini ucaltmamaqda, bunu pisləyən açıqlamalar verməməkdə ittiham edib. Onun sözlərinə görə, nə həmsədrlər, nə bu ölkələrin buradakı səfirləri, nə insan haqlarından danışan beynəlxalq təşkilatlar və onların Azerbaycandakı ofisləri məsələylə bağlı etiraz bildiriblər.
“Mən beynəlxalq təşkilatları, onların buradakı təmsilçilərini dəvət edirəm, getsinlər Ermənistanın atəşkəsi pozaraq evlərini yandırdığı, dağıtdığı, öz evinin içində güllə ilə yaraladıqları insanlarla görüşsünlər və Ermənistanın mülkü vətəndaşlara qarşı bu vandalizm aktlarına susmasınlar və öz etiraz səslərini ucaltsınlar, buna qarşı tədbirlər görsünlər”.
Ön cəbhəmizi qoruyan əsgər və hərbçilərimizin Ermənistanın təxribatlarına, mülkü vətəndaşları hədəf almasına layiqli cavab verdiyini deyən millət vəkili buna baxmayaraq Ermənistanın mülkü vətəndaşlara qarşı vandalizm aktlarından əl çəkmədiyini söyləyərək, bir sıra təkliflərlə çıxış edib. O deyib ki, Ermənistan Silahlı Qüvvələrinin birbaşa hədəfə aldığı ailələrin evlərinin qarşısında istehkam divarlarının tikintisi daha da surıtlənməlidir.
Bu istiqanətdə işlərin getdiyini deyən Qənirə Paşayeva Bərpa agentliyini və müvafiq dövlət qurumlarına müraciətlə bildirib ki, Tovuzda ön cəbhəyə çox yaxın yerləşən ailələr, yaralanmış insanlar xahiş edirlər ki, tikilən qoruyucu bütün evləri əhatə etsin. Millət vəkili eyni zamanda Əlibəyli kimi kəndlərdə sığınacağ tikilməsi və Ermənistanın atəşkəsi qəfil pozması zamanı ən öndə yaşayan insanların təhlükəsizliyi üçün bunu vacibliyini bildirib.
Deputat ön cəbhə kəndlərində yaşayan ailələrin evlərinin təcili sığortası məsələsinin öz həllini tapmasının vacibliyini vurğulayıb.
Modern.az