“Son dövrlər mətbuatda,kütləvi informasiya vasitələrində,telekanallarda Azərbaycan tarixi və tarixi şəxsiyyətlər haqqında bir sıra proqramlar hazırlanır,müzakirələr aparılır.Bu diskussiyalar xüsusilə son illərdə populyarlaşan müxtəlf sosial şəbəkələrdə davam etdirilir.Şəxsən mənim fikrimcə,bu fakt öz-özlüyündə xeyli müsbət bir hadisə sayılmalıdır.Əsasən əyləncə xarakterli verilişlərin yayınlandığı,müzakirələrin bəsit mövzularda olduğu məlumdur.Bu baxımdan təbii ki,ciddi,tarixi mövzuların gündəmə gəlməsi alqışlanmalıdır.Bu cür müzakirələr lazımdır və cəmiyyət tərəfindən də müşahidələrimiz göstərir ki,marağa,canlanmaya səbəb olub”.
Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Leyla Abdulayeva deyib. O bildirib ki, tariximizə yanaşma, tarixi şəxsiyyətləri qiymətləndirmə sualları meydana çıxır.
“Suallar yaranır ki,bu və ya digər tarixi şəxsiyyətə qiymət verilərkən hansı meyarlar əsas götürülür,tarixi qəhrəmanlarımıza hansı krtiteriyalar əsasında fikir bildirilir? Xüsusilə unutmaq lazım deyil ki,biz müharibə şəraitində yaşayan ölkəyik.Bizə qəhrəmanlar,qəhrəmanlıq nümunələri vacibdir.Əslində bizim tarixdə belə qəhrəmanlar çox olublar,onların azlığından da heç vaxt əziyyət çəkməmişik.Sadəcə indi onlara qarşı belə təftiş etmə,təftişçilik meylləri hesab edirəm ki,yersizdir.Şəxsiyyətləri müzakirə etmək və onları təftiş etmək,hesab edirəm ki,fərqli şeylərdir”
Xanım deputat söyləyib ki, bu kontekstdə digər məsələ tarixi şəxsiyyətləri bu günün prizmasından qiymətləndirmək cəhdləridir.Tarixə bu günün şərtləri daxilində baxmaq düzgün sayıla bilməz.Bizim tariximizdə olan istər dövlət,istər hərbi,istər fikir və yaradıcılıq adamlarına da öz dövrünün şərtləri daxilində qiymət verməliyik.Orta əsrlərdə yaşamış şəxsə 21-ci əsr şərtləri ilə fikir bildirmək qeyri-obyektivliyə gətirib çıxara bilər.Və ya 30-cu illərdə yaradıcılıqla məşğul olan adamlara 2015-ci il şərtlərində qiymət vermək nə dərəcədə düzgündür.Digər məsələ də Azərbaycan tarixində böyük rol oynamış insanların etnik köklərinin araşdırılması və qabardılması məsələsidir. Bilirsiniz,bu əlbəttə elmi cəhətdən maraqlıdır,amma bu bizim üçün,bu gün üçün nə verəcəkdir sualını da səsləndirmək lazımdır. Şəxsin Azərbaycan uğrunda və Azərbaycan üçün xidmət göstərməsi,vuruşması önəmlidir,daha əhəmiyyətlidir ,bax bu məsələ vurğulanmalıdır.Bu cür müzakirələrdə adətən ortaq nöqtəyə gəlmək mümkün deyil və bir çox hallarda belə də olur.Hər tərəf özünü haqlı bilir,müzakirələr mübahisələrə çevrilir,xoşagəlməz hallara da keçə bilir. Əslində isə həqiqəti araşdırmağı tarixçilərə buraxmaq da elə ən yaxşısı olardı.Cəmiyyət,ziyalı və vətəndaşlar isə bir suala cavab verməlidirlər-konkret tarixi şəxsdən bu gün hansı nümunə götürülə bilər,bu gün o bizə nə verə bilər,bu günümüz üçün onun xidmətlərindən necə yararlana bilərik?Məsələn,mən Rusiya ədəbiyyatı və tarixi üzrə ixtisaslaşmışam, Rus mədəniyyətini öyrənmişəm. Rusiya tarixində ən böyük imperatriça olmuş Böyük Yekaterina mənşəcə təmiz alman olmuşdur.Onun həm ana,həm ata nəsli almanlardır.Amma bu gün o Rusiya tarixində Rusiyaya ən böyük xidmətlər göstərmiş bir insan kimi tanınır,ruslar onu ən doğma bir şəxsiyyət kimi tanıyır və fəxr edirlər. Mən hesab edirəm ki,bir tarixi şəxsə sadə bir meyara görə tarixi qiyməti verilməlidir-o kimə,hansı xalqa xidmət edib,hansı ölkə qarşısında tarixi xidmətləri olub.Etnik,milli,dini mənsubiyyətindən asılı olmayaraq tarixi Azərbaycan torpaqlarında yaşamış,yaratmış hər bir insan bu vətənin,bu torpağın övladıdır. Bu ideologiya isə Ümumilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və indi də cənab prezident İlham Əliyev tərəfindən reallaşdırılan Azərbayçançılıq ideologiyasının birbaşa təzahürüdür.Məhz ulu öndərimiz bu ideyaları ilk dəfə siyasi dünyagörüşü olaraq formalaşdırmışdır.Bu ideologiyanın əsasənda isə artıq deyildiyi kimi,milli,dini,etnik kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlığı durmaqdadır.
Bu baxımdan hesab edirəm ki,bu müzakirələr əlbəttə olmalıdır,amma yaxşı olardı ki,orada iştirak edərkən bu kimi hallar nəzərdə alınsın. Peşəkar tarixçilər,alimlərimiz iştirak etsin”.
Deputat sonda təklif edib ki, tarixi şəxsiyyətlərimizin təbliği üçün ,o cümlədən incəsənət,mədəniyyət vasitəsilə təbliği üçün daha da geniş işlər görülsün.Filmlər,seriallar çəkilsin.Eyni zamanda təklif edərdim ki,Mədəniyyət Nazirliyi yeni bir kitab seriyasının nəşrinə başlasın-“Azərbaycanın görkəmli adamları” adı altında.
Bu seriyada Azərbaycanın dövlət adamları, sərkərdələr,yazıçıları,şairləri,alimləri haqda elmi-kütləvi formada sənədli kitablar, bioqrafiya, memuarlar, avtobioqrafiyalar, monoqrafiyalar nəşr edilsin.Tarixi şəxsiyyətlərimizi, görkəmli adamlarımızı olduğu kimi təbliğ etmək üçün bu cür kitabların nəşrinə ehtiyac var”.
Aqşin KƏRİMOV