Modern.az

”Son illərdə Azərbaycanda bələdiyyə institutları böyük inkişaf yolu keçib”

”Son illərdə Azərbaycanda bələdiyyə institutları böyük inkişaf yolu keçib”

13 Fevral 2015, 18:48

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni yüksək qiymətləndirir, hesabatda bələdiyyələrin fəaliyyəti, onların beynəlxalq əlaqələrinin dərinləşdirilməsi istiqamiətində görülən tədbirlər, hüquqi baza, bələdiyyə torpaqlarının idarəçiliyi ilə bağlı atılan addımlar və yol verilən nöqsanlar, bələdiyyə üzvlərinin maarifləndirilməsi istiqamətində keçirilən treninq və təlimlər və digər məsələlər hesabatda dolğun əksini tapıb». Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin müzakirəsi zamanı Milli Məclisin üzvü Sahibə Qafarova səsləndirib. onun sözlərinə görə, son illərdə Azərbaycanda bələdiyyə institutları böyük inkişaf yolu keçib. Bu dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində görülən işlərin bilavasitə nəticələri olmaqla yanaşı, cəmiyyətin və bələdiyyə üzvlərinin bu institutların fəaliyyəti ilə bağlı daha geniş bilgilərə sahib olması, təcrübəsinin artması ilə bağlıdır: "Ona gör də, son illərdə biz bələdiyyələrin sosial-iqtisadi inkişafa öz müsbət təsirlərini daha çox göstərdiyini müşahidə edirik. Qəsəbə və məhəllələrdə, rayon və kəndlərdə əhalinin sıx yaşadığı ərazilərdə tikinti və abadlıq işlərinin aparılmasında, məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının, əyləncə və istirahət zonalarının, eləcə də digər bu kimi yerlərin təmirlərində, qurulmasında bələdiyyələrin özəl funksiyaları mövcuddur. O cümlədən, bələdiyyələr öz nəzdlərində yaratdıqları müəyyən strukturlarında insanları işlə təmin edir bu istiqamətdə münbit fəaliyyətlərini aparırlar. O cümlədən, sosial məsələlərdə də bələdiyyələr fəaliyyətlərini davam etdirirlər. Əlbəttə ki, bütün bunlar bələdiyyələrin əhəmiyyətini artıran məsələlərdir və sosial-iqtisadi inkişafda öz rolunu bu gün də oynayır. Bələdiyyələrlə bağlı islahatlar bu strukturların inkişafında mühüm rol oynayır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi yeni Dövlət Proqramının icrası istiqamətində yerli özünüidarəetmə orqanlarının üzvlərinin üzərinə böyük vəzifələr düşür".

Bununla belə millət vəkili vurğulayıb ki, bələdiyyələr bu uğurlarla kifayətlənməməlidir. Sahibə Qafarova deyib ki, inkişaf etmiş dövlətlərin də təcrübələri sübut edir ki, bələdiyyələr daha geniş fəaliyyət həyata keçirə bilərlər. Buna Azərbaycanın mövcud qanunvericilik bazası da imkan verir.

Hesabatda da əksini tapıb ki, bu gün Şəmkir rayonu bələdiyyələr üzrə müxtəlif pilot layihələr həyata keçirilir. Millət vəkili deyib ki, yaxşı olardı ki, bu layihələr digər rayonlarda fəaliyyət göstərən bələdiyyələrdə də tətbiq olunsun.

Daha sonra S.Qafrova vurğulayıb ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirmək üçün səylərini gücləndirməlidir. Məsələn, Bakı – 2015 Avropa Oyunlarının keçirilməsinə təxminən 100 gündən bir az artıq vaxt qalır. Bu gün Azərbaycanın bütün dövlət qurumları, o cümlədən, bütün cəmiyyət bu möhtəşəm idman tədbirinin ən yüksək səviyyədə həyata keçirilməsi işinə səfərbər olub. İstərdik, paytaxt bələdiyyələri də müstəqil qurumlar kimi bu prosesdə daha fəal rol oynasınlar.

"İkincisi, cəmiyyət bələdiyyəlgrin fəaliyyəti ilə bağlı məlumatları daha çox seçki dövründə və xüsusi əlamətdar tədbirlər olanda alırlar. Bələdiyyələr kütləvi informasiya vasitələri ilə ləqalərini daha da genişləndirib, cəmiyyətə görülən işlərlə bağlı mütəmadi məlumat verilməsində maraqlı

olmalıdırlar. Azərbaycan demokratik bir ölkədir, açıq cəmiyyət formalaşıb. Hər bir qurumun da fəaliyyəti ictimaiyyət üçün açıq və şəffaf olmalıdır. Bundan bələdiyyələr özləri də maraqlı olmalıdırlar.

Bundan başqa, bildiyimiz kimi, bələdiyyələr daha çox yerli strukturlar olmaqla bərabər vətəndaşların ən tez və daha sıx müraciət edə biləcəyi strukturlardır. Ona görə də bələdiyyələr də birinci instansiya kimi öz imkanlarından daha effektiv istifadə edərək vətəndaşların problemlərinin həllində daha geniş iştirak etmələdirlər", - deyə millət vəkili Sahibə Qafarova əlavə edib.

Modern.az  
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza