Azərbaycan Kommunist Partiyasının keçmiş sədri Firidun Həsənov (hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür-red) Modern.az saytına müsahibə verib. O bildirib ki, hələ Kommunist Partiyasının Gəncə şəhər təşkilatının sədri olarkən Rauf Qurbanovu Gənclər Təşkilatı sədrliyindən qovub.
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri, sabiq deputat Rauf Qurbanov Firidun Həsənovun dediklərinə münasibətini açıqlayıb. Rauf Qurbanov Modern.az-a deyib ki, Firidun Həsənovun söylədikləri tamamilə yanlışdır. Onun sözlərinə görə o vaxtlar Firidun Həsənov partiyadaxili pozuculuq fəaliyyəti ilə məşğul idi.“O, özünü süni şəkildə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci kimi elan etdi və ətrafına bir neçə adam yığdı. O zaman partiyanı Gəncə şəhər komitəsində bir çaşqınlıq yarandı. Mən də o zaman partiyanın sədri Ramiz Əhmədovun tapşırığı ilə Gəncə şəhər təşkilatında tutduğum vəzifədən istefa verdim. Mən heç zaman Firidun Həsənovun rəhbərliyi altında çalışmamışam. Həmişə Firidun Həsənovu partiya daxilində pozuculuq fəaliyyətindən çəkindirməyə çalışmışam. Firidun Həsənovun özü qurultayın qərarı ilə partiya sıralarından xarici edilib”,-deyə Rauf Qurbanov vurğulayıb.
O bildirib ki, Firidun Həsənov yaratdığı qondarma Kommunist Partiyası adından 1998-ci ildə keçirilən prezident seçkilərində iştirak edib və hazırda da onun davamçısı Telman Nurullayevdir.
Azərbaycan Kommunist Partiyası sədri olduğunu iddia edən Telman Nurullayevlə aralarında olan qalmaqaldan da söz açan Rauf Qurbanov qeyd edib ki, problemin həlli ilə bağlı müzakirə aparmağa hazırdır. “Mən həmişə qalmaqallara son qoymaq üçün müzakirə aparmağa hazıram. Bu yaxınlarda Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyüqanov Bakıya gələndə Telman Nurullayev dedi ki, onunla görüşmək istəmir. Belə adamlarla niyə bir stol arxasında oturmalıyam? Telman Nurullayev Zyüqanovun liderliyini gözdən salmağa çalışan qrupun üzvlərindəndir”.
Keçmiş deputat onu da vurğulayıb ki, Azərbaycan Kommunist Partiyasının möhürü ondadır.
Məlumat üçün deyək ki, Rauf Qurbanov və Telman Nurullayev zaman-zaman bir-birlərinə qarşı mətbuat ittihamlar səsləndirirlər.
Aqşin Kərimov