“2015-ci ildə keçiriləcək parlament seçkilərində Müsavat Partiyası da iştirak etməyi düşünür. Artıq seçkiyə hazırlıq istiqamətində müəyyən işlərin görməyi planlaşdırılıb”. Bunu Modern.az saytına Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.
O bildirib ki, partiya seçkidə iştirak etmək barədə qərarı son məclis toplantısında verib:
“Eyni zamanda seçki mühitinin yaradılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, sərbəst toplaşma azadlığının bərpası, seçkilərin birgə müşahidəsi ilə bağlı siyasi qüvvələrlə danışıqlar aparmaq və bu barədə mübarizəni təşkil etmək istiqamətində işlər görməyi planlaşdırırıq. Hazırda partiyada dairələr üzərində namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Bu namizədliyə namizədlərin müəyyənləşməsidir. Ola bilər ki, eyni dairədən bir neçə namizəd olsun və sonradan kimsə namizədliyini geri götürsün.
Parlament seçkilərinə geniş siyasi qüvvələrin toplanıb bir sıra məsələlərdə birgə hərəkət etməsini də məqsədəuyğun sayırıq. Bu istiqamətdə də danışıqlar gedir, təkliflər olunur. Hələ ki, Müsavat Partiyasının hər hansı seçki bloku ilə əməkdaşlıq etmək qərarı yoxdur. Bu qərarı aprel ayının sonlarına yaxın verməyi düşünürük. Hesab edirik ki, iddiaları, fikirləri və siyasi düşüncələri müxalifət partiyası ilə eyni olan siyasi partiyalarla blok ola bilər. Belə bir blokun yaranması mümkün olmasa belə, siyasi qüvvələrlə yaxud seçki blokları ilə funkusional əməkdaşlıq edə bilərik”.
Yeganə OQTAYQIZI