PƏRVİN
Deyirlər, hamıya yaxşı olmaq mümkün deyil... Mənə də elə gəlir. Həyat da bunu göstərir. Fəlsəfə də belə deyir... Psixologiya da... Amma baxır “hamı” sözünü hansı mənada işlədirsən və ümumiyyətlə bu söz deyiləndə kimlər, neçə adam nəzərdə tutulur?! Məncə, həyatda hər adamın bir HAMI arealı, çərçivəsi var...
... Rəşad Məcidin 50 illik yubileyi münasibətiylə yazılan məqalələri, təbrik sözlərini oxuduqca düşünürdüm – deməli mümkünmüş, Rəşad Məcid öz HAMIsına qarşı yaxşıdı, hətta yaxşıların yaxşısıdı! Yoxsa bu qədər adam söz deməkdən, yazısını çap etdirməkdən ötrü sıraya düzülməzdi. Yoxsa bu cür qəliz mühitin ən fərqli adamları, hətta əks düşüncəli, dünyagörüşlü nümayəndələri bir mövzu, Rəşad Məcid mövzusu ətrafında birləşməzdilər. Onu deyim ki, yubiley ərəfəsində və sonrakı bir neçə gündə bu yazıları müxtəlif dərgilərdə, saytlarda, qəzetlərdə oxuduqca belə təsirlənməmişdim. Amma indi, “Cığıraçan” kitabına ön söz yazmaq üçün hamısını sistemli, ardıcıl oxuduqca heyrətləndim. Rəşad Məcidin birləşdirmək gücü xeyli düşündürdü məni. Axı cəmiyyətin əsasən problemləri, çoxsaylı ictimai, siyasi məsələləri, hətta qalmaqalları, davaları müzakirə etdiyi zəmanədə birdən-birə bu qədər qələm adamının bir insanla bağlı xoş xatirələrini yada salması, mehriban təbriklərini, minnətdarlıqlarını dilə gətirməsi, yazması bir az təəccüblü, hətta inanılmazdı?! Ancaq maraqlı olan budu ki, Rəşad müəllimi azca tanıyan hər kəs bunu normal, sadə qəbul edir, belə də olmalıdı...
Xatırlayıram ki, hələ bir neçə il öncə “525-ci qəzet”in yubiley kassetinə baxıb bu cür heyrətlənmişdim. Yazıçı da, siyasətçi də, yaşlı da, cavan da, iqtidar da, müxalifət də, hamısı bir süfrə arxasındaydı, hər kəs söz deyir, təbrik edir, tərifləyirdi qəzeti. Elə o zamandan düşünürəm sirr nədi görəsən? Bax elə indi, bu paxıllar zəmanəsində Rəşad Məcid haqda 3-5 günə bir kitablıq yazı yazılmasının sirri nədədi? Heç şübhəsiz ki, birinci şərt peşəkarlıqdı. Rəşad Məcid gördüyü bütün işlərdə səriştəli, bacarıqlı və peşəkardı. Amma elə bunları yaza-yaza içimdəki ikinci “mən” deyir ki, cəmiyyətdə nə qədər peşəkarlar var, adamlar onlar haqqında nəinki yazmır, hətta yüz metrliyindən qaçırlar. Görünür, sadəcə peşəkarlıq və bacarıq, hətta istedadın özü də yetərli deyil. Bütün bunlar uzağı yaxşı əsər yazmağa, populyar qəzet buraxmağa kömək edər, amma Rəşad Məcid olmağa yox! Bir çox sirrlərin cəmidi Rəşad Məcid! Hansıları ki, sadə məntiqlə təhlil edib anlamaq çətindi.
Bəzən bir tamaşaya baxanda, yaxud əsər oxuyanda düşünürəm ki, bunu iki cür təhlil etmək olar. Bir yaxşıları görən gözünlə baxaraq, bir də lupayla səhv axtararaq. Yəni istənilən sənət əsəri səhvlərdən, qüsurlardan xali deyil. Məncə, insan da belədi. Ona mikraskopla da baxa bilərsən və ən kiçik mənfiliklərini taparsan, ya da projektor altında nurdan yaranmış kimi görərsən, gözünü qamaşdırar. Rəşad Məcidin bir unikallığı da budu deyəsən. Ona lupayla da baxılır, gur işıq altında da... Amma nədisə elə ciddi qüsur da tapılmır, cansız, soyuq büt kimi ideallaşdırılmır da! Bəlkə də özü hansısa çatışmazlıqlarından asanlıqla, sakitcə, kompleksiz danışır, ona görə. (Bunu görmək üçün Rəşad Məcidin müsahibələrinə nəzər salmaq kifayətdi.) Bir sözlə o öz qüsurlarını adiləşdirə bilir və mənfisi, müsbəti, xoş və qəliz tərəfləri ilə bir yerdə sevilir. Elə bu kitabda toplanan yazıları da birləşdirən bir ümumi cəhət var. Rəşad müəllimə sevgi. Hamı sevgiylə yazır onun haqqında. Heç kəs nəyinsə xatirinə danışmır, nəyə görəsə mübaliğələrə yol vermir. Səmimi bir ehtiyacdan, vəfa borcundan, minnətdarlıq duyğusundan, sevgidən yaranıb bu yazılar. Və bunları ardıcıl oxuduqca düşünürsən ki, deyəsən axı Yaradanın özü də qəhrəmanımıza qarşı xeyli səxavətlidi! Çünki, bu cür xarakterli - yazıların hər birində təsvir olunduğu kimi - səmimi, təvazökar, əliaçıq, xeyirxah, istedadlı adam hardasa gizlində də qala bilərdi, heç belə insanın varlığından xəbərimiz də olmazdı... Amma Allah ədalətlidi, həm bu cür qəliz zamanda, dəyərlərin itdiyi bir dövrdə əsl sözün, sənətin, şəxsiyyətin qiymətini bilən adam yaradır, həm də ona Meydan verir, “525-ci qəzet” kimi bir meydan... O da illərlə bu meydanı ziyalının, istedadlının, peşəkarın ixtiyarına verir. Doğrusu, son beş ildə “525-ci qəzet”lə mütəmadi əməkdaşlıq edən, orda işləyən adam kimi mən hansısa yazının məhz qəzetə, yaxud baş redaktora lazım olduğu üçün səhifələrdə yer aldığını hiss edə bilmirəm. Bu mənada Rəşad Məcid qəzetində gündə qohumuna-qardaşına, özünə palaz-palaz təriflər yayımlayan bəzi həmkarlarından xeyli seçilir. Mühiti bilir, oxucunun tələbini, istəyini də hər kəsdən yaxşı anlayır, üstəgəl sənət xiridarı olması, cəsarəti və qızıl ortanı tutmaq məharəti... Nəticədə 20 ildən çoxdu ölkənin sıravi bir vətəndaşından tutmuş ziyalısına kimi hər kəsin əlindən, dilindən düşməyən qəzet çıxır ortaya. Amma onda da düşünürsən ki, necə olur bu cür soyuq ağıl, az qala riyazi hesablama tələb edən bir işin sahibi həm də zərif ruhlu şeirlər yazır və bəzi işlərdə “hələ ki vaxt var” desə də, şeiri gözlətmir, soyutmur, intizarda saxlamır. Ara-sıra, daha doğrusu on ildən bir oxucularının görüşünə təzə şeir külliyatı ilə gəlir... Və ən önəmlisi, bu şeirlər ciddi qəbul olunur, ədəbiyyat hadisəsi kimi vurğulanır. Müasir dövrdə ən böyük şairlərimizdən biri Ramiz Rövşən də bunlara reaksiya verir, ciddi ədəbiyyatşünas alimlər, məsələn akademik İsa Həbibəyli, tanınmış tənqidçilər, misalçün professor Vaqif Yusifli və başqaları da... Yəni əsasən qəzetçiliklə məşğul olan adamın şeirlərinə hobbi kimi, məşğuliyyət kimi baxılmır. Çünki doğrudan da bütün bu şeirlər məşğuliyyət, yaxud elə sadəcə nəsə qaralamaq xatirinə yazılmayıb. Hər birində şairin ruhu, istedadı, peşəkarlığı görünür. Ümumiyyətlə, Rəşad Məcid sözünün insanlara təsiri çox maraqlıdı. Bunu haqqında yazılan məqalələrdən, esselərdən də hiss etmək olur. Onun sözü tutur adamları. Və çox vaxt da ilk baxışdan sadə, adi görünən nələrsə böyük effektlər verir. Məsələn, Rəşad Məcid oturub bir futbol oyununa baxır və kiçik bir esse yazır, deyir ki, insan nəyisə Dəlicəsinə istəyirsə, ona çatır, futbol komandası da buna görə qalib gəlib. Sabahdan bütün ölkə Dəlicəsinə deyib gəzir. Essenin yazılmasından 4 il keçib, indiyə kimi də primitiv köşələrdən tutmuş ciddi məqalələrə, təsirli esselərə kimi bir çox yazıları bu “Dəlicəsinə” ideyası bəzəyir... Elə bu kitabda da yer alan bəzi yazılar məhz “Dəlicəsinə”nin əks-sədasıdı, ondan bəhrələnir. Və bu yazıları ayrı-ayrılıqda təhlil edəndə hər birində Rəşad Məcid ideyalarının, fikirlərinin təsirini duyursan. Amma məgər qəhrəmanımız yalnız məqalələri, şeirləri, yazılarıylamı təsirləndirir?! Yox, təbii! Komplekssizliyi də şərtdi - məsələn, canlı efirdə qalstukunu çıxarıb bir kənara qoya bilər, böyüyə münasibəti də örnəkdi - hörmət bəslədiyi müəlliminə heyranlığını gizlətməz, qulluqdan çəkinməz, qadınlarla davranış tərzi də maraqlıdı - insanların qorxduğu, gizlətdiyi məsələlərdən açıq danışar, gözəl bir qadına kişi sayğısını rahatlıqla çatdırar. Elə bu məqamda onu da deyim ki, Rəşad Məcidin bütün bu sadaladığım keyfiyyətlərini daha təsirli, effektiv edən onun səmimiliyidi. O sadəcə texnikanı, qaydanı bilir deyə qurama hərəkətlər eləməz, içindən necə gəlirsə, o cür də danışır, o cür də aparır özünü. Məsələn, Rəşad Məcid bəyənmədiyi nəyəsə görə sərt bir söz deyər, söz yeddi qatından keçər, amma elə bu ovqatında da ağır çantanı götürməyə kömək edər. Axı centlmendi?! Yaxud hamının “yüksək sənət” deyib ağızdolusu təriflədiyi hansısa əsər, film haqqında “heç nə başa düşmədim” – deyə bilər və buna görə qətiyyən kompleks keçirməz. Xatırlayıram ki, bir neçə il öncə teatrdan söhbətimizdə sözsüz tamaşa haqda heç unutmadığım bir cümlə demişdi: “Mən bu əsəri “sözlü” oxudum, heç nə anlamadım, sözsüz necə başa düşüm?” Məncə, bütün bu rahatlığın, özünəarxayınlığın səbəbi dopdolu, zəngin daxili aləmdi. Bilir ki, “anlamadım”, “başa düşmədim” deyəndə də fərqlidi, maraqlıdı, qeyri-adidi! İntellekt nümayişi, ağıl və təvazökarlıq immitasiyasına ehtiyacı yoxdu... Və ən maraqlısı odu ki, özü bütün bunları bilir... Yəqin elə cəmiyyətin, mühitin də belə münasibətinin, əvvəldə yazdığım kimi, bəlkə də öz aralarında düşmən olan adamların ona sevgisinin, sayğısının səbəbi məhz budur. Özünün ÖZÜNÜ bilməsi, dərk eləməsi. Son vaxtlarda müsahibələrində tez-tez “indi öz içimə səyahət edən vaxtımdı” deməsi də həmin xarakterinin göstəricisidi.
Rəşad müəllim haqqında kitaba yazdığım bu ön sözdə onun gənclərə münasibətindən qısaca söz açmaq istərdim. Məsələ burasındadı ki, Rəşad müəllimin gənclərə qayğısı sadəcə Gənclər üzrə katibin münasibəti deyil. Əlbəttə, tale bu məsələdə də dəqiq işləyib. Görünür, elə Yazıçılar Birliyi rəhbərliyi də Rəşad Məcidin yetişdirmək qabiliyyətini, bacarığını görərək ona bu işi etibar ediblər. Amma məhz Rəşad Məcid yetirməsi olaraq bir məqamı xüsusi vurğulamaq istərdim. Elə bu sahədə, bu işində də qəribədi Rəşad müəllim, hətta bir az da sirrli. Yəni şərt sadəcə bir gənci qəzetində çap eləmək, yaxud ona şifahi məsləhətlər vermək deyil. Hansısa ciddi mexanizm işləyir, sanki Rəşad Məcid minillərin sınağından çıxmış “reseptlər”dən istifadə edir. Amma bir az müşahidə edib görürsən ki, bu, onun özünün düz bildiyidi, hansısa seçimində səhv də eləsə, kiməsə inamında yanılsa da, yenə dəyişilməz qaydalarıdı. Və ən əsası bu qaydalar effektivdi. Nədənsə, indi bir epizodu xatırladım. Bir il filan öncə Rəşad müəllimin otağına gəlib cavan bir oğlanla kinolardan söhbətinin üstünə çıxdım. Özünü kino bilicisi hesab edən gəncdən “hansı rejissorların filmlərini bəyənirsiz?” soruşanda oğlan çaşdı, qızardı, pörtdü, hətta özünümüdafiəyə keçdi. Başa düşdüm ki, filmlərə elə-belə baxır, süjetləri, uzağı bir-iki aktyor adını yadda saxlayır. Rəşad müəllim köhnə psixoloq kimi qarşısındakı adamın halını anındaca duyur və deyir: məsələn mən Çelentanonun filmlərini çox sevirəm. Düzü, indi də bunları yaza-yaza niyə belə təsirlənirəm, bilmirəm. Daha doğrusu bilirəm... Kəmsavadlığından utanan, amma az-çox istedadı olan adamı Rəşad Məcid bu cür “priyom”la vəziyyətdən çıxarırdı sadəcə. Bax budu Rəşad müəllimin özünəməxsusluğu... Və heç təsadüfi deyil ki, bu gün ədəbi mühitdə az-çox tanınan, qəbul olunan gənclərin böyük əksəriyyəti Rəşad Məcidin məktəbinin “məzunlarıdı”. Kimsə bunu etiraf etməkdən çəkinə də bilər, amma elə bu kitabda Rəşad müəllimə minnətdarlıq dolu yazıları yer alan gənclər var... Üzeyir bəy demiş, “bizə qalanlar qalacaq”!
Rəşad Məcid tirajlı adamdı... Pəncərə önündə durub “Xilaskarı” (siqareti!) ilə bir az düşüncələrə dalar, on dəqiqəyə ölkə mətbuatını bir-birinə qatar, həftələrlə gündəmdən düşməz. Səhər evdən çıxıb gün ərzində beş müxtəlif tədbirə gedər axşama kimi bir yerdə oturmaz. Amma onun hekayəsini, “10 sentyabr”ını oxuyanda həm də təkliyini, hətta tənhalığını hiss edirsən. Özünə qapanmış, ağrısı içini dağıdan, üzdə gülüb daxilində dərdiylə əlləşən, guya ironik yanaşdığı nələrdənsə əslində inciyən, əzab çəkən bir adamı görürsən... Nədənsə, bütün bunlar nə şeirlərində, nə də Qarabağ haqda müsahibələrində... məhz nəsrində duyulur! Bəlkə də elə gerçək Rəşad Məcid budur, bilmirəm...
“Cığıraçan” kitabında bir insana ən müxtəlif adamların, söz sahiblərinin baxışını, münasibətini görəcəksiniz. Və elə kitabın unikallığı (qəhrəmanın qeyri-adiliyi!) fərqli insanların rəylərini bir yerə toplamasındadı. Məsələn, Rəşad müəllim haqda yalnız mətbuat nümayəndələri, jurnalistlər yazsaydılar, bu da maraqlı olardı, amma sıradan bir yubiley kitabı təsiri bağışlayardı. Amma deyək ki, gənc bir qızın 50 yaşlı müəlliminə etirafının, böyük yazıçının, nüfuzlu tənqidçinin, nazirin, dostun fikirlərinin, xatirələrinin bir kitabda toplanması, oxuculara təqdim olunması hadisədi. Yaxud da cəmiyyətdə yer tutmaq istəyən, nüfuz qazanmaq arzulayan gənclərdən ötrü hansısa “yol xəritəsi”di. İnanıram ki, bu yazılar Rəşad Məcidi oxucular, onu sevənlərlə bir az daha doğmalaşdıracaq, yaxınlaşdıracaq. Rəşad Məcidin HAMI arealı genişlənəcək... Çünki məqalələrdən, yubiley təbriklərindən görünən adam məhz Hamının sevdiyi, hamının tanıdığı insandı... Heç kimin olanı tanımaq, bilmək üçünsə onun yazması lazımdı... Özünün yazması. Və nədənsə mənə tez-tez elə gəlir ki, bax indi təkliyə, tənhalığa çəkiləcək... bax elə indi, sabah, bu gün!!! Axı bu, onun üçün çətin deyil – Hamının və Heç kimin olmaq!