Modern.az

İqtidar-müxalifət dialoqu, Müsavat Partiyasının “közərməsi”

İqtidar-müxalifət dialoqu, Müsavat Partiyasının “közərməsi”

15 Fevral 2015, 18:41

Namidə BİNGÖL

Uzun müddətdir ki, Rusiya- Ukrayna münasibətləri gərginliyin astanasında qərarlaşmışdı. Dövlətlər diplomatiya siyasətində ortaq məxrəcə gələ bilmirdi.    

Bəzi analitiklər belə düşünür ki, ABŞ və Avropa İttifaqının  sanksiyaları daha da sərtləşdirməsi   qarşısında  Rusiya  çarəsiz görünür. Hər halda, ortada bir reallıq var. Bu heç də  Rusiyanın Ukrayna məsələsində güzəştə gedəcəyi anlamına gəlmir.  

Həftənin siyasi hesabatını təqdim edirəm.  

Yola saldığımız həftə ictimai-siyasi baxımdan gərgin keçdi. Məhkəmə sistemi  Lamiyə olayına dair ilginc məlumatlar ortaya çıxardı. Həftələrdir məhkumluq həyatı yaşayan bir qadının dəmirbarmaqlıqlar arasında dünyaya uşaq gətirməsinin mümkünsüzlüyü mətbuat səhifələrində işıqlandırıldığı halda,  uşağın necə və hansı şəraitdə dünyaya gəlməsi ilə bağlı yayılan məlumatlar  ölkə mətbuatını  bir-birinə qatdı.  

Bu arada, Şəmkirin keçmiş icra başçısı olmuş Aslan Aslanovun oğlunu qətlə yetirməkdə günahlandırılan Lamiyə Quliyevanın işinə  yola saldığımız həftə ərzində də son qoyulmadı. Məhkum Lamiyə Quliyevanın işi ilə bağlı  növbəti bölümdə necə təəccübləndiriləcəyimizi söyləmək isə çətindir.

İkinci dəfədir ki, siyasi partiyaların bir araya gəlməsində, iqtidarla görüşlər keçirməsində, bir çox məsələlərin birgə müzakirə edilməsində çətin heç nə görünmür.  

Təbii, bütün görüşlərin yüksək  formatda keçirilməsini  əminliklə söyləmək olmaz. Bura siyasi məkandır. Burda mövqelərin toqquşması,  sinirlərin gərilməsi ilə də nəticələnə bilər. Amma, necə deyərlər, ziddiyyətli və qaranlıq məqamların üzərinə düşən kölgəni masaətrafında üz-üzə əyləşməklə də götürmək olar.  

Fevralın 12-də iqtidar-müxalifət partiyalarının birgə görüşü keçirildi. Tərəflər  ölkənin daxili siyasi ab-havasının nə yerdə olmasını müəyyənləşdirməyə çalışdı. Hərçənd, hər şey ortadadır. Seçki ilində mütəmadi olaraq  ikitərəfli formatda görüşlərin keçirilməsinin əhəmiyyəti olduqca vacibdir.  

Bu baxımdan, Prezident Administrasiyasının dəvəti ilə baş tutan görüşə onların da qatılacağına az da olsa inam vardı.  Lakin  bu dəfə də Azərbaycanın radikal müxalifət nümayəndələri iqtidarla dialoqdan boyun qaçırdılar.  

Təbii, Müsavat başqanı Arif Hacılı iqtidarın müxalifətlə təmasını   yüksək qiymətləndirsə də, görünən tərəf kompramisə getmək niyyətlərinin real olmamasıdır.   Görünür, siyasi dönüş etmək üçün “müxalifətin vulkanı” hələ yetişməyib. Müşahidəçi qismində  “susan” Müsavat, sadəcə “közərir”.  

Həftənin əsas siyasi görüşünə qısa da olsa toxunmaq istəyirəm. Ukrayna böhranını həll etmək üçün Qərb liderləri bir araya gəldi. 17 saata qədər davam edən görüş, dünya liderlərinin məsələyə   daha ciddi yanaşdığını göstərdi. Eyni zamanda, gərgin müzakirələr şəraitində keçən Minsk görüşünə region dövlətlərin marağı daha yüksək idi.

Məsələn, Cənubi Qafqaz regionunu götürək.  “Ukrayna məsələsi həll olunarsa, Qarabağ  düyününə də növbə çata bilər” deyə düşünənlər də az deyil.    

Bu o deməkdir ki,  dondurulmuş Qarabağ münaqişəsinin həll olunması təkcə regionda siyasi sabitliyin qarantı olmayacaq. Həm də Ermənistan-Türkiyə sərhədlərinin açılmasını reallaşdıracaq.  Təbii ki, buna ancaq ümid etmək qalır. Ortada acı reallıq var.   Necə olur ki, dünyanın super gücləri Ukrayna böhranına görə göz yaşı axıtmağı bacardığı halda, Qarabağ münaqişəsinə  birtərəfli yanaşılır?!  

Və yaxud da  Minsk görüşündə separatçıları himayə edən  Rusiya kimi  dövlətin əlini-qolunu yığmaq üçün dəridən-qabıqdan çıxan dövlətlər, Minsk qrupu çərçivəsində Cənubi Qafqaz regionuna səfər etməklə kifayətlənirlər?!   Deməli, münaqişənin həllində kənar qüvvələrin müdaxiləsi labüddür. Sadəcə olaraq, bu müdaxilə separatçı qüvvələrin başına sığal çəkib mülayim təbəssüm sərgiləməklə yola verilməməlidir. Necə ki, Ukrayna məsələsində Qərbin gücü, az da olsa hegemon Rusiyanı muma çevirə bilirsə, eyni ssenarini Qarabağ münaqişəsi üçün də yazmaq olar.  

Bu arada Rusiya-Ukrayna arasında atəşkəsə dair razılıq əldə olunsa da, separatçılar atəşkəsi pozmaqda davam edir.  Maraqlısı odur ki, atəşkəsin mütəmadi olaraq pozulmasına görə hər iki tərəf bir-birini günahlandırır.  

Deyəsən, Minsk görüşündən sonra “ev”inə dönən Rusiya gecə yuxusunu qarışdırıb. Yoxsa, “şimal ayısı”  Qərb və ABŞ-ı  durduğu yerdə hədəfə almaz.  

Hər halda, 17 saatlıq görüş gərgin və maraqlı məqamlarla yadda qaldı. Xüsusilə, Putinin əyləşmək istədiyi stolu Belarus prezidenti Lukaşenkonun bir neçə dəfə özünə tərəf çəkməsi təsadüf olmaya da bilər. Deməli “şimal ayısı”nı Minskdə  gülünc vəziyyətə salmağı planlaşdıran Belarus prezidenti siyasi gərginliyə  xoş ab-hava qatmaq istəyib. Hər halda, bu bir ehtimaldır. Proseslərin hansı məcraya yön alacağı isə qoyulan siyasi iradədən asılı olacaq.                         

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza