Fevralın 15-də Azərbaycan Tibb Universitetinin aparıcı neyrocərrahlarından ibarət həkim briqadası Gəncədə vətəndaşların tibbi müayinələrini həyata keçiriblər.
Bu barədə məlumatı Modern.az-a Gəncə şəhər Səhiyyə İdarəsinin mətbuat xidmətindən veriblər. Məlumata görə, Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, əməkdar həkim Sabir Elbruslunun rəhbərlik etdiyi həkim briqadasına 5 neyrocərrah, bir neyritravmatoloq, bir neyroanastezioloq daxil idi. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında təşkil olunan müayinələrdə Bakıdan gəlmiş həkimlər yerli həmkarları ilə 3 qrupa bölünərək vətəndaşların tibbi müyinəsini aparıblar.
Gəncə Səhiyyə İdarəsinin rəisi Professor Əlikram Məmmdovun bildirdiyinə görə, bu tibbi müayinələr prezident cənab İlham Əliyevin fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı çərçivəsində reallaşıb.
"Biz Azərbaycan Tibb Universitetinin rəhbərliyindən aparıcı neyrocərrahların Gəncəyə gəlməsini və müayinəl aparılmasında yardımçı olmalarını xahiş etdik. Minnətdarıq ki, təklifimizi qəbul ediblər. Ümumilikdə 100-ə yaxın vətəndaş baxışlarda iştirak etdi. Neyrocərrahlar onlardan bəzilərinə kompüter tomoqrafiyaya göstərişlər yazdılar. 10-a yaxın xəstə isə təkrar müayinə və cərrahi əməliyyat üçün Bakıya göndərildi. Bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək" - deyə professor Əlikram Məmmədov əlavə edib.
Gəncə Səhiyyə İdarəsindən verilən məlumata görə, 2-14 fevral tarixlərdə öncədən tərtib olunmuş qrafikə müvafiq olaraq 18 yaşdan yuxarı şəhər əhalisindən 23 537 nəfəri müayinələrə cəlb olunub. Bu müddətdə icbari dispanserizasiyadan kecirilən vətəndaşlardan 1835 nəfər yeni xəstə aşkar olunub, 2539 nəfərə ambulator müalicə təyin edilib, 377 nəfər dərinləşmiş müayinə və ixtisaslaşmış müalicə ücün stasionarlara, 36 nəfər isə Bakı şəhərinə göndərilib.
Modern.az