Modern.az

Xəbər saytları qəzetlərə niyə istinad etmir? - Baş redaktorların CAVABI

Xəbər saytları qəzetlərə niyə istinad etmir? - Baş redaktorların CAVABI

6 Mart 2015, 15:58


Uzun müddətdir çap mediasında saytların qəzetlərdə gedən məlumatlara istinadların azalması yönündə bir tendensiya müşahidə olunur. Modern.az saytı bunun səbələrini araşdırmağa çalışıb.

“Ayna”- “Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlının bildirib ki, saytlar texniki cəhətdən daha çevikdir: “Saytlar adətən qısa xəbərlərlə işləyir. Qəzet xəbəri hamıdan öncə öyrənsə belə, o çapdan sabah çıxacaq. Xəbəri həmin an qəzetdə yerləşdirmək mümkün olmur. Demək olar ki, qəzetlərin böyük əksəriyyətinin elektron versiyası var. Onlar da bir çox hallarda özlərinə ziyan vurmamaq üçün informasiyanı əvvəlcədən yerləşdirmirlər.

Saytlara böyük yazıları qoymaq düzgün deyil. Qəzetlərdə analitik yazılara yer vermək daha məqsədəuyğundur. İndiki halda demək olar ki, qəzetlər transformasiya olunur. Çünki qəzetlər xəbər daşıyıcısı kimi öz rolunu saytlara, televizya və radioya verir”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görə, saytların da qəzetə istinadla materiallar yaydığı günlər olur: ““Azərbaycan” qəzetindən götürüb istinad edilən materiallar olur. Misal üçün, bu yaxınlarda “Azərbaycan” qəzetində Prezident Adminstrasiyasının şöbə müdiri Süleyman İsmayılov illik hesabat xarakterli altı səhifəlik yazı ilə çıxış etdi. Müxtəlif saytlar bu məlumatdan istifadə etdilər. Elə saytlar oldu ki, “Azərbaycan” qəzetinin adını çəkdi, eləsi də oldu ki, birbaşa Süleyman müəllimin adına istinad etdilər. Bu məlumat “AzərTac”da qoyulsa da, istinad görmədim.
Bəzən qəzetin adın çəkmirlər. Bütün hallarda material saytda yerləşdirilərkən tək müəllifin adı yox, dərc olunduğu mənbəni də mütləq göstərməklə istinad edilməlidir. Bu, peşəkarlıqdır. Qalan halı isə ədəbi oğurluq, plagiatlıq, qeyri-peşəkarlıqla izah edirəm.
Qəzetlər tək xəbər vermir. Çap mediası araşdırma, maarifləndirmə, xalqımızın tarixi, mədəniyyəti, mənəviyyatı ilə bağlı çox maraqlı materiallar dərc edir. Bunların da öz oxucuları var. Gün ərzində informasiyanı televizya və saytlardan alırıq. Hələ qəzetin sıradan çıxacağı barədə danışmaq tezdir. Qəzet ən gözəl ailə arxividir. Bu gün də bizim redaksiyaya yaşlı insanlar müraciət edəndə ciblərindən qat kəsmiş qəzet çıxarıb göstərirlər ki, “baxın, burda haqqımda yazı dərc olunub”. Bu xüsusiyyət qəzetləri bir müddət yaşadacaq”.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu