Bir neçə gün öncə bəzi KİV-lər "Report" informasiya agentliyinə istinadən Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virusların yayıldığı barədə xəbər yayıb. Xəbərdə deyilirdi ki, "Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub və virusun telefona daxil olması nəticəsində abunəçilərin balansından pul silinir, erotik məzmunlu video təqdim olunur".
Xəbərdə həmçinin qeyd edilirdi ki, "araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir".
Daha sonra bildirilirdi ki, “qısa yoxlamadan sonra NMS şirkətinin saytının (www.nms.az) və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib”.
Qeyd edək ki, həmin xəbər ictimai maraq doğurduğundan Modern.az-da da dərc olunmuşdu.
Ancaq adıçəkilən "Navigator Mobile Services" şirkəti həmin iddiaları əsassıs sayaraq, bu məsələ ilə əlaqəsinin olması barədə xəbəri təkzib edib. Şirkət bu xəbərə cavab olaraq Modern.az-a göndərdiyi məktubda adının sözügedən məslədə hallandırılmasına qəti şəkildə etiraz edir.
Naviqator Mobil Servises MMC-nin direktoru Anar Hacıyev və direktor müavini Aslan Hacıyevin adından daxil olan məktubda deyilir:
“İlk növbədə qeyd etmək istərdik ki, Naviqator Mobil Servises şirkətinin və adları çəkilən Anar Hacıyevin və Aslan Hacıyevin mobil telefonlarda yayıldığı iddia edilən “pornoqrafik virus”la heç bir əlaqəsi yoxdur. Xəbərdə “virus”un hansısa texniki vasitələrlə “telefona daxil olması” və orada abunəçinin balansından “pul sildiyi” və “erotik məzmunlu video”nun peyda olduğu iddia olunur. Bildiririk ki, əvvəla, belə bir “virusa” biz rast gəlməmişik və ikincisi də, bu “virus”un Naviqator Mobil Servises şirkətinə, Anar Hacıyevə və Aslan Hacıyevə məxsus olması böhtandır.
O ki qaldi “hot-ero.net” internet səhifəsinə, bu sayt nə Naviqator Mobil Servises şirkətinə, nə də onun rəhbərliyinə məxsusdur və Naviqator Mobil Servises sadəcə SMS göndərmək yolu ilə bu sayta abunə olmaq imkanı yaradan xidmətləri saytın sahiblərinə təqdim edir. Buna görə də, saytdan istifadə edərkən istifadəci ödənişin təsdiqlənməsi üçün Naviqator Mobil Servises şirkətinə məxsus “edugate.az” səhifəsinə keçid edir və yalnız xidmətləri almaq istəyini təsdiq etdikdən sonra yenə geri-əvvəlki səhifəyə qaytarılır. Bununla da hər bir istifadəçi mütləq qaydada telefon nomrəsindən pul vəsaitinin silinməsinə razılıq verir.
Naviqator Mobil Servises üçüncü şəxslərə xidmətlərini təqdim etdikdə onların məzmununu yoxlayır. Bu xidmətlərin məzmunu həmçinin mobil operatorlar tərəfindən də yoxlanılır. Bu baxımdan yuxarıda adı çəkilən saytlar da yoxlanılıb və orada “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmiş “pornoqrafik materiallar ‐ əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar” kimi dəyərləndirilə bilən pornoqrafik məzmunlu video və şəkillərin olmadığı müəyyən edilib.
Naviqator Mobil Servises ölkəmizin qeyri-neft sektorunun ən prioritetli sahələrindən biri olan İKT sahəsində fəaliyyət göstərən ən uğurlu və innovativ şirkətlərdən biridir. Şirkətin təqdim etdiyi xidmətlər sırasında iş axtaranlara dərc olunan yeni vakansiyalar haqqında məlumatı SMS-lə ani çatdıran “Job-SMS” xidməti kimi müasir tələblərə uyğun operativ xidməti var.
Təəssüf hissi ilə bildiririk ki, araşdırma aparılmadan yayılan bu qərəzli xəbər yalan və böhtan xarakteri daşıyır, Naviqator Mobil Servises şirkətini və onun rəhbərliyini hüquqi məcrada müvafiq addımlar atmaq məcburiyyətində qoyur”.
Modern.az