2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul oluna bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)
Modern.az-a verilən məlumata görə, bakalavrlar martın 19-dan 29-dək Komissiyanın internet saytında müvafiq səhifədə (//eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bakalavr qabiliyyət imtahanına gələrkən şəxsiyyətini təsdiq edən sənədi və “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni təqdim etməlidir.
Bunlarla yanaşı, bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış, jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış, jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçməklə qabiliyyət imtahanında iştirak edə bilərlər. Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir.
Bakalavrın biletin hər bir bəndi üzrə cavabları 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.
Modern.az