Modern.az

“Sınaq imtahanlarının sualları çətinləşdirilib” – Müəllim və abituriyentdən AÇIQLAMA

“Sınaq imtahanlarının sualları çətinləşdirilib” – Müəllim və abituriyentdən AÇIQLAMA

15 Aprel 2015, 16:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprel ayında 11-ci siniflər üçün artıq 2 sınaq imtahanı keçirib. İmtahanlar ümumilikdə 29 rayon və şəhərdə təşkil olunub. Modern.az saytı sınaq imtahanlarında iştirak edən abituriyentlərdən imtahan suallarının asan, yaxud çətin olması ilə maraqlanıb.

Eyni binada imtahana girən abituriyentlərin bəzisi imtahanın pis keçmədiyini, bəziləri isə imtahan qiymətləndirməsini edərkən, Azərbaycan dili  testinin asan, riyaziyyat suallarının isə bir qədər mürəkkəb olduğunu bildiriblər. Bəziləri isə imtahanın, ümumiyyətlə, asan keçdiyini, cavab yazmada çətinliklə üzləşdikləri sualların olmadığını vurğulayıblar. Bununla belə. sualların çətin olduğunu deyənlər də var.

Kiminə görə asan, kiminə görə çətin olan imtahan sualları ölkə təhsilindəki problemlərin xəbərçisidirmi?
Modern.az saytı məsələ ilə əlaqədar 204 saylı orta məktəbin dil-ədəbiyyat müəlliməsi Fəridə İsmayılova, sınaq imtahanının iştirakçısı olan Sənan Əlizadənin və təhsil şurasının sədri  Əjdər Ağayevin fikirlərini öyrənib.

Fəridə İsmayılova bildirib ki, ötən illə nisbətdə bu il imtahan sualları çox çətinləşib: “Test sualları ilə tanış olmuşam. Həqiqətən düşündürücü suallardır. Sınaq imtahanındakı sualların məktəb proqramına uyğun hazırlandığını nəzərə alsaq, şagirdlər bir az aşağı, bir az yuxarı mükəmməl cavab yaza bilərlər. Hər zaman şagirdlərimə öyrədirəm ki, birinci növbədə testi yazmaq üçün hər bir abituriyentin biliyi olmalıdır. Sonra onu tətbiq etməli, sualları yaxşı anlamalı və düzgün köçürmək üçün bacarığı olmalıdır. Bir də görürsən ki, abituriyentlər sualları bəzən tələsik, bəzən də axıra qədər oxumurlar. Səhvlərin çoxu məhz səbirsizlikdən meydana gəlir”.

Fəridə İsmayılovanın qənaətinə görə, getdikcə test imtahanının sualları çətinləşir: “Fikrimcə, hər bir şagirdin bilik və intellekt səviyyəsi yüksəldiyinə görə suallar da qəlizləşir. 1992-ci ildən həmişə imtahanlarda nəzarətçi kimi iştirak etmişəm. Son 20 ilin nəticəsinə baxanda müəyyənləşir ki, əvvəllər suallar nə qədər sadə idi. Məsələn, bu il III qrupda həm mətin salıblar, həm də açıq testlər yazıblar. Bu uşaqları bir qədər çətinliyə salır. İkisindən biri olsaydı, əlbəttə, yüksək nəticə əldə edilərdi.

Azərbaycan dilindən hazırlaşdırdığım abituriyentlər həmişə məni doğruldub. Çalışmışam ki, şagirdlərimə dilçiliyin sirlərini, yanaşma metodunu öyrədim. Ötən il hazırlaşdırdığım 4 abituriyent ADA universitetinə daxil oldu. Bu il Tibb Universitetinə sənəd verən abituriyent 24 suala düzgün cavab yazıb. Uğurlu nəticələrim çoxdur. Ümumi baxanda bu, beş fənnin nəticəsidir. Uşaqlar bizim evə sevgi ilə gəlir. Sevgidən sonra bilik tələb edirəm. Bunu qazanmışam və özümü xoşbəxt sayıram”.

Sənan Əlizadə bildirib ki, illər keçdikcə suallar çətinləşir: “Ötən il iki fənn üzrə bir açıq sual var idisə, bu il üç fəndən dörd açıq sual olub. Açıq sualların çoxluğu istər-istəməz çətinlik yaradır. Bu da abituriyent üçün əlavə vaxt deməkdir. Bu il Azərbaycan dilindən 25 sualın dördü açıq sual oldu. Bu fəndən yüksək nəticə əldə edəcəyimə inanıram.

Hazırlıq kurslarına mütəmadi getmişəm. Hazırlıq mərhələsində keçdiyim dərslərin çoxu sınaq imtahanında düşür. Ancaq elə məqamlar da var ki, bu, müəllimdən yox, sırf abituriyentin bilik səviyyəsindən asılıdır. Elə abituriyent var ki, 30 dəqiqəyə riyaziyyatdan 25 sula cavab yazırsa, 45 dəqiqəyə coğrafiyadan 20 sulanın cavabını ancaq çatdırır”.

Əjdər Ağayevin sözlərinə görə, dərsliyin və proqramın hazırlanmasının pedaqoji tələbləri var: “Birinci tələb odur ki, proqram və dərslik şagirdin yaşına və anlaq səviyyəsinə uyğun olmalıdır. Məlumdan məchula doğru öyrədilməlidir. Amma Azərbaycanda proqram və dərsliklərdə uşaqların anlaq və yaş səviyyəsi nəzərə alınmır. Xarici proqram və dərsliklərdən götürmələr, istifadələr onların bu proqrama qədərki təhsilini nəzərə almadan orta məktəblərdə tətbiq edilir. Məsələn, ibtidai sinfin riyaziyyat dərsliyi olduqca çətindir. Yuxarı sinif dərsliklərdə də mürəkkəblik, mətntiqsizlik, qarışıqlıq çoxdur. Əslində dərslik təmiz, səlis və düzgün mövqedən hazırlanmalıdır. Bütün valideynlər və müəllimlər ibtidai siniflərin riyaziyyat və digər dərsliklərinin çətinliyindən şikayətlənir. Valideyn kömək etməsə, şagird bir məsələni həll edə bilmir.

Təhsilin inkişafı üzrə dövlət strategiyası sənədi qəbul olunub. Həmin sənəddə göstərilir ki, dərsliklər yenidən yazılmalı, kurikulumlara yenidən baxılmalıdır. Kurikulum bizdə əkilməyib, bizdə də bitməyib. Kurikulumları xaricdən götürüblər. Xarici uşaqların təfəkkürü, məntiqi Azərbaycandakı kimi deyil. Bizdə məntiqlilər, anlayışlılar çoxdur, amma onlar təsəvvürlülərlə inkişaf edirlər. Yəni ətrafdakı sahələri görür, təsəvvür edir və dərslikdə də onu öyrənir. Uşağın öncədən bildikləri yoxdur, anlayışı indi öyrənir. Bəs, təsəvvür harada qaldı? Ümumiyyətlə, abituriyentlərimiz dünyagörüşlüdür, məlumatlıdır. Pedaqogikada belə bir prinsip var: pis, öyrənə bilməyən şagird yoxdur, öyrədə bilməyən müəllim var”.

Əjdər Ağayevin fikrincə, dərslik müəllifləri pedaqoji sahədə çalışmayanlardır: “Dərsliklərin yazılması Təhsil Nazirliyinə tapşırılmalıdır. Nəşriyyatlar tenderdə nəşri qazanır və özünə müəllif tapır. Tapdığı müəllif də pedaqoji sahənin adamı deyil. Buna görə də dərsliklər bu vəziyyətdədir. “Satınalmalar haqqında” qanunda dəyişiklik aparılmalıdır. Yazılmalıdır ki, Təhsil Nazirliyi müsabiqə yolu ilə dərsliyi hazırlamalıdır, nəşriyyat isə tenderdə onu çapını qazanmalıdır. İşin kökündə belə yanlışlıq var”.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!