Mayın 21-22-də Latviyanın paytaxtlı Riqada sayca 4-cü “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Avropa Birliyinin liderləri ilə yanaşı, birliyin şərq qonşuları olan keçmiş sovet respublikaları - Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova və Belarus nümayəndələri də iştirak edəcək. Sammit 28 Avropa Birliyi və 6 “Şərq Tərəfdaşlığı” ölkəsi liderlərinin Riqada səhər yeməyi ilə açılıb.
Avropa Birliyinin postsovet ölkələrinin liderləri ilə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüş keçirməsi daim Rusiyanın qıcıqlanmasına səbəb olub. Rusiya bu formatda görüşləri gələcəkdə ona qonşu dövlətlərin Avropa Birliyinin tərkibinə daxil olması və beləliklə, regionda öz təsir rıçaqlarını itirməsi təhlükəsi hesab edib.
Hətta Rusiya Xarici İşlər Nazirliyinin ötən gün yaydığı rəsmi məlumatında bu, Rusiya əleyhinə olan sammit də adlandırılıb.
“Biz Riqadakı sammitin necə keçəcəyini izləyirik, amma indidən reaksiyamızın sərt və prinsipial olacağı aydındır. Biz Avropa Birliyinin bu “tərəfdaşlığı” hansı çalarlarla bəzədiyini görürük. Gəlin nəticələri gözləyək. “Tərəfdaşlıq” sözü aşkar antirus mənası daşıyır”.
Amma Putin Rusiyasının gizli təzyiqlərinə baxmayaraq, Ermənistan belə, bu sammitlərdə iştirak edir, lakin bu, görüntü xatirinə edilir. Təbii ki, sammitdə iştirak edən ölkələrin hər biri öz maraqlarına uyğun hərəkət etmək niyyətindədir. Rusiya ilə demək olar ki, bütün körpüləri yandıran Ukrayna və 2008-ci ildə Kremlin hərbi maşının əzdiyi Gürcüstan Avropaya inteqrasiya yolunu tutduğunu gizlətmir.
Sammitə gələn Ukraynanın prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Britaniyanın baş naziri Devid Kemeron və Avropa Birliyinin rəsmləri ilə görüşlər keçirəcək. Rəsmi Kiyev birliyin söz verdiyi 1,8 milyard avroluq dəstək paketinin ayılmasını Riqa sammitində rəsmiləşdirmək niyyətindədir.
Bundan başqa, Gürcüstan və Ukrayna ötən il Avropa Birliyi ilə assosiativ sazişi ratifikasiya etdikləri üçün daha sıx inteqrasiya olunmağı gözləyirlər. Eyni zamanda, rəsmi Brüsseldən viza rejiminin ləğv edilməsi gözlənilir. Amma görünən odur ki, istər Poroşenko, istərsə də Riqaya təşrif buyuran Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istəkləri ürəklərində qalacaq. Almaniyanın kansleri Merkel deyib:
“Avropa Birliyi Ukrayna və Gürcüstanla hələlik viza rejimini sadələşdirməyəcək. Onlar bu sahədə böyük səy göstərsələr də, kifayət deyil”.
Avropa Birliyinin Ukrayna və Gürcüstana aydın üzvlük perspektivləri verməməsi isə bu ölkələrdəki Avrasiya Birliyi tərəfdarlarını aktivləşdirəcək. Təsadüfi deyil ki. Gürcüstandakı son rəy sorğuları əhalinin 31 faizinin Avrasiya Birliyinə daxil olmağa isti baxdıqlarını göstərib.
Rusiyadan sıx siyasi və iqtisadi asılılıqda olan Belarus və Ermənistan isə Avropa Birliyi ilə sırf formal xarakterli görüşlər keçirirlər. İstər Lukaşenko, istərsə də Sərksiyan Avropa Birliyi ilə iqtisadi və siyasi razılaşmalar imzalamaq üçün Moskvanın razılıq verməli olduğunu yaxşı anlayırlar. Avropa və Rusiyaya meylli qüvvələrin mübarizə apardığı Moldovada isə ümumi mənzərə Qərbə yaxınlaşmaq istəyi təəssüratı yaradır.
Yeganə olaraq Azərbaycan istər Avropa Birliyi, istərsə də Avrasiya İttifaqı ilə məsafə saxlayır və yekun seçim etməyə tələsmir. Rəsmi Bakının Riqada hər hansı əhəmiyyətli sənəd imzalaması da gözlənilmir. Prezident İlham Əliyevin sammitə getməməsi, Azərbaycanı Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarovun təmsil etməsi bunu əyani sübut edir.
Belarus prezidentinin də sammitə gəlməməsi bu ölkə ilə danışıqlarda ciddi irəliləyişin olmayacağı siqnalını verir. Ermənistan prezidenti Serj Sərkisyanın Riqaya səfəri isə sırf formal xarakter daşıyır və erməni diasporuna Yerevanın Qərblə də münasibət saxladığını göstərmək üçün atılan addımdır.
İstənilən halda, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammiti Şərqi Avropa və Qafqaz regionunda yeni siyasi gedişlər üçün manevr imkanı yaradacaq hadisədir.
Rusiyanın regiondakı nüfuzu nəzərə alan postsovet ölkələri Avropa Birliyi bilə radikal yaxınlığa risk etmirlər. Əks halda, öz təbii maraqlarının təhlükə altına atıldığını zənn edən Moskva 2008-ci ildə Gürcüstanda və hazırda Ukraynada tətbiq etdiyi ssenariləri işə sala bilər.
Vüqar İsmayılov