Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğından sonra zərərçəkənlərə birdəfəlik müavinətlər verilməsi üçün sərəncam imzalanıb. Yanğın zamanı zərərçəkənlər arasında həmin binada kirayədə yaşayanlar da olub.
Belə kirayənişinlərdən biri jurnalist Sevinc Fədainin ailəsidir. O, dövlətin köməyinə ehtiyac duyduqlarını bildirib. “Doğrudur, əsas yanğından sağ-salamat xilas olmağımızdır. Ancaq bina sakinlərinə yardım edilməsi barədə sərəncam imzalanıbsa, deməli, bizə də müəyyən qədər yardım ayrıla bilər. Çünki yanğın zamanı ölüm təhlükəsi ilə üz-üzə qalmışıq, travma almışıq. Mən bir neçə aydır ki, analıq məzuniyyətindəyəm. Bu psixoloji sarsıntıdan sonra da yəqin ki, bir müddət körpə uşağı kiməsə əmanət edib, işə çıxa bilməyəcəm. Bu təzminat ailəmizin ehtiyaclarını ödəyə bilər. Hər halda ümidliyik”-deyə jurnalist “Qafqazinfo”ya bildirib.
Məlum olub ki, hadisə günü zərərçəkmişlərə ilkin kompensasiya kimi verilən 1000 manat vəsaitdi alan ev sahibi bundan cəmi 300 manatını jurnalistin ailəsinə verib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Modern.az saytına açıqlamasında yanmış binada kirayənişin olmuş insanların aqibətinə aydınlıq gətirib:
“Yanmış binada kirayədə yaşayan şəxs mənzilin sahibi ilə müqavilə bağlamalıdır. Müqavilədə hansı tarixdən mənzildə kirayədə yaşaması öz əksini tapmalıdır. Bundan sonra isə aralarında razılıq protokolu imzalanmalıdır”.
Mer bildirib ki, protokolda dövlət tərəfindən ödəniləcək vəsaitin onlar arasında necə bölüşdürlməsi öz əksini tapacaq. Bu baxımdan, heç bir problem olmayacaq.
Hadisə zamanı həmin binada 56 mənzildə yaşayış olub. Həmçinin məlum olub ki, bir evdə iki ailə yaşayır və iki kupçası var. Ona görə də say 57-yə çatıb.
Nazirlər Kabinetinin sərəncamına əsasən yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət almış bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.
Gülşən RAUFQIZI