Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avstriya Mübadilə Xidmətinin-OeAD-informasiya mərkəzinin (Österreichischer Austauschdienst) nümayəndələri ilə görüş keçirildi.
Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov Azərbaycan ilə Avstriya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. ADU-da fəaliyyət göstərəcək Avstriya Mübadilə Xidmətinin gələcək pespektivlərindən danışan rektor Səməd Seyidov bu xidmətdən yalnız ADU tələbələri deyil, həmçinin alman dili üzrə təhsil alan, dili öyrənmək istəyən hər kəsin yararlanmaq imkanı olduğunu qeyd etdi. O, Avstriya Mübadilə Xidmətinin OeAD-informasiya mərkəzinin yaradılmasının Azərbaycanda ilk addım olduğunu söylədi. Ölkəmizdə fransızdilli və ingilisdilli orta məktəblərin fəaliyyət göstərdiyini deyən rektor Səməd Seyidov bu təşəbbüsün almandilli orta məktəbin yaradılmasına da zəmin yaradacağına əminliyini ifadə etdi.
OeAD-ın rəhbəri Stefan Zotti ADU-da fəaliyyət göstərən Avstriya kitabxanasının maraqlı kitablarla zənginləşdirildiyini vurğuladı. O, Avstriya Mübadilə Xidmətinin OeAD-informasiya mərkəzinin yaradılmasının ikitərəfli əlaqələrin intensiv inkişafına böyük töhfə olacağını dedi. Elmin sərhəd tanımadığını deyən S. Zotti bugün qurulan əlaqələrin qarşılıqlı əməkdaşlağın başlanğıc nöqtəsi olduğunu bildirdi. Əməkdaşlığın davamlı və inkişafyönümlü olmasını arzulayan Stefan Zotti mərkəzin yaradılmasının elm sahəsində töhfələr verməyə, Azərbaycan və Avstriya arasında əlaqələrin inkişafına nail olacağını dedi.
Avstriya Mübadilə Xidmətinin yaranması haqqında qısa məlumat verən ADU-nun Alman dilinin tərcüməsi kafedrasının baş müəllimi Səfa Əliyeva bu xidmətin 1961-ci ildə yarandığını, əsas məqsədinin isə xarici tələbələrin Avstriyada olduğu müddətdə onlara dəstək olmaqdan ibarət olduğunu dedi. Avstriya Mübadilə Xidmətinin təkcə Avstriyada deyil, digər ölkələrdə də fəaliyyət göstərdiyini söyləyən S. Əliyeva bu xidmətin müxtəlif təqaüd proqramlarını ( Frans Werfel, Ernst Mach, Richard Plaschka) təklif etdiyini vurğuladı. O, Avstriya Mübadilə Xidmətinin rəsmi internet saytı olan www.oead.at ünvanına daxil olaraq ətraflı məlumat ala biləcəklərini iştirakçıların diqqətinə çatdırdı.
Tədbirin sonunda ADU-nun nəzdində OeAD-informasiya mərkəzinin yaradılmasına və fəaliyyətinə dair universitetin rektoru Səməd Seyidov və OeAD-ın rəhbəri Stefan Zotti arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Azərbaycan və Avstriya arası tələbə mübadiləsinin inkişafı üçün Avstriya təhsil və təqaüd proqramları haqqında mütəmadi konsultasiyalar, birgə layihələrin həyata keçirilməsi ilə bağlı digər Avstriya nümayəndəlikləri (xüsusən də Bakıda yerləşən Avstriya səfirliyi, Avstriya İqtisadiyyat Palatasının Bakıdakı Nümayəndəliyi, Avstriya kitabxanası ilə ) eləcə də mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən vasitəçi Azərbaycan təşkilatları ilə əlaqələrin yaradılması, ali məktəblərlə keçiriləcək görüş proqramlarının təşkili, Avstriya kitabxanası ilə birgə Azərbaycan universitetlərində sərgilərin, mühazirələrin, film və musiqi tədbirlərinin, eləcə də Azərbaycanda keçirilə biləcək elmi konfransların və simpoziumların təşkili qaydaları nəzərə alınaraq Azərbaycan Dillər Universitetinin nəzdində Avstriya Mübadilə Xidməti-OeAD (Österreichischer Austauschdienst) fəaliyyətə başladı.
Modern.az