Modern.az

Ölülər doğrudanmı elə bilirlər ki, dirilər ancaq halva yeyir...

Ölülər doğrudanmı elə bilirlər ki, dirilər ancaq halva yeyir...

27 May 2015, 17:07

El arasında məşhur olan bir kəlamda deyilir: “Ölülər elə bilir ki, dirilər halva yeyir”. Bu fikrin nə vaxt, kimin tərəfindən, hansı məqsədlə işlədildiyi təbii ki, bu yazının müzakirə mövzusu deyil və mən də məclislərdə, camaat arasında söylənilən sözün daşıdığı məna yükü, eyham yaxud zarafat, ciddi və ya şirinlik anlamında ifadəsi ilə bağlı polemika açmaq niyyətindən uzağam. Lakin elə buradaca demək istərdim ki, bir halda ki, ölülərimiz bizim halva yeməyimizi istəyirlərsə gəlin elə dünyadan köçənlərimizin xatirəsinə açdığımız ehsan süfrələrinə yalnız halva düzək, qonaqlarımıza limonlu çay təklif edək. Daha süfrənin üstünü növbənöv yeməklərlə, cürbəcür mer-meyvə, rəngbərəng su şüşələri, şirniyyatla doldurmayaq. Belədə zənnimcə ruhu başımızın üstündə dolaşan əzizlərimizin qəbr evində rahat yatmasına da rəvac vermiş olarıq, onlar da arxayınlaşar ki, biz ehsan məclislərində yağlı plov yemir, yalnız halva ilə kifayətlənirik. Qalan nemətlərdən isə onsuz da toy məclislərində, ad günlərində, bayramlarda gen-bol, lap nəfəsimiz daralanacan nuş edirik.

Həyatımızı, yaşayışımızı şərtləndirən, təhsilimizdə, elmimizdə, gənc nəslin tərbiyəsində, dünyaya inteqrasiya olunmağımızda xüsusi yeri olan milli-mənəvi dəyərlər toplusuna yaradıcı yanaşma, zənginləşdirmə meyli bizi müasirliyə qovuşduran yolu daha rəvan edir, maneələrdən,  çətinliklərdən qoruyur. Bu da bir həqiqətdir və bu həqiqəti heç zaman yaddan çıxarmamalıyıq.

Milli-mənəvi dəyərlər sistemində dünyasını dəyişən insanların yola salınması ilə bağlı düzənlənən mərasimlərin yüksək səviyyədə təşkilinin, hüzr məclislərini  ata-baba qaydalarına uyğun olmaqla həm də müasir dəyərləri nəzərə almaqla keçirməyin verəcəyi faydaları yaddan çıxarmamalıyıq. Müşahidələr göstərir ki, yas mərasimlərinin keçirilməsi zamanı kiminsə özünü göstərməsi, zəngin süfrələr açdırması imkansızın el arasında “nə edim, necə edim” dilemması ilə  üzbəüz qalmasına rəvac verən acınacaqlı bir prosesə çevrilir. Amma belələri unudurlar ki, bir stəkan limonlu çay da ehsan hesab olunur, və bu cür sadəlik dünyadan köçənin ruhunu şad edir, yas yiyəsinin də yaşayış tərzinə, ovqatına uyğun gəlir. Bu məsələlər ilə bağlı vaxtı ilə çalışdığım “Azərbaycan” qəzetində ara-sıra çıxış etmiş, öz mülahizələrimi bildirmişəm. Bu mövzu ətrafında fikirlərini bölüşən adlı-sanlı elm adamlarının, yaradıcı ziyalıların, millət vəkillərinin, dövlət məmurlarının verdiyi rasional təkliflər çox təəssüf ki, real həyatda öz əksini hələ kifayət qədər tapmamışdır. Məhz bu baxımdan  bu cür aktual mövzunu daim gündəlikdə saxlamaq zəruriyyəti meydana çıxır.

Yas mərasimləri əslində mərhumun ruhunu şad etmək, haqq dərgahına qovuşan insanın həyatı, bu dünyadakı əməlləri barədə xoş xatirələri dinləmək, yada salmaq üşün yaradılan vaxt imkanı kimi də başa düşülməlidir. Lakin son vaxtlar belə məclislərdə rəhmətə gedən insan az qala heç yada da düşmür. Məclisdəkilər əsasən özlərinin gündəlik qayğıları, işgüzar fəaliyyətləri, perspektivdə görəcəkləri işlər barədə diskussiya  açır, uca səslə mübahisəyə girişir, bəzən bərkdən mobil telefonla danışırlar. Molla da bir əlində təsbeh birində telefon, vaxt tapan kimi mikrofonla uzun illər əzbərlədiyi hədisləri, heç kimin inanmadığlı rəvayətləri oturanlara sırımağa çalışır. Bu günlərdə tələbə dostumuzun hüzr məclisində orta yaşlı molla ayağa qalxaraq ekstaz vəziyyətdə toplaşanları sözün əsl mənasında danlayır, zorla özünün mənasız sayıqlamalarına qulaq asmağa çağırırdı. Özü də çığıra-çığıra. Arada qəzəblə bizi də süzürdü və bu baxışlardan adamın ürəyi üzülür, nakam getmiş dostumuzun xatirəsini beş-üç kəlmə xoş sözlə anmağa belə taqətimiz qalmırdı. Arada dostlarımızdan bir pıçıldadı ki, deyəsən bu kişi bizi qaralayıb, səzinizi çıxarmayın, gəlib döyə də bilər. Bəli, acı da olsa nədənsə biz bu qənaətə gəlmişdik.

Son vaxtlar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin xətti ilə ölkənin hər yerində keçirilən görüşlərdə yas mərasimlərinin necə keçirilməli olduğu ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində bir sıra tövsiyələr verilir, mətbuatda, televiziya və radioda diskusiyyalar aparılır. Regionların çoxunda indi dəbdəbəli mərasimlərin keçirilməsinə demək olar ki, son qoyulub. Hər kəs öz imkanı çərçivəsində sadə süfrələr açmaqla gələn qonaqların qarşısına çıxır, bununla da əslində dünyasını dəyişmiş insanların xatirəsi daha uca tutulur. Bu tendensiyanın adət halına keçməsi isə hər kəsin ürəyindən olardı. Xüsusən aztəminatlı və imkansız ailələrin. Gəlin bu istiqamətdə hər birimiz öz töhfəmizi əsirgəməyək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular