“LUKoyl” neft şirkətinin prezidenti, əslən azərbaycanlı olan milyarder Vahid Ələkbərov ilk dəfə Moskvanın “Spartak” futbol klubunu maliyyələşdirməsi barədə danışıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Perm Texniki Universitetinin tələbələri ilə görüşən iş adamı “LUKoyl”un vitse-prezidenti Leonid Fedunla birlikdə hər il “Spartak”a 60 milyon dollardan çox pul xərclədiyini deyib:
““LUKoyl” “Spartak”a hər il cəmi 6 milyon dollar pul ayırır. 60 milyon dollar olan qalan xərcləri isə mən və şirkətimizin vitse-prezidenti Leonid Fedun çəkir”.
Vahid Ələkbərov “Spartak”ın nə zamansa Rusiya çempionu olacağına ümid etdiyini bildirib. Amma bununla belə, klubun fanatı olmadığnıı deyib. O, tələbələrə “LUKoyl”un vitse-prezidenti, eyni zamanda “Spartak” klubunun Direktorlar Şurasının sədri Leonid Fedunun yalnız klubla birlikdə “nəfəs aldığını” deyib.
“LUKoyl”un prezidenti gələcəkdə də “Spartak”a sponsorluq edəcəklərini bildirib.
Vüqar İsmayılov