NATO-nin hərbi komitəsinin sədri, 2015-ci il iyunun 1-də vəzifəsinin icrasına başlayacaq çexiyalı general Petr Pavel bəyan edib ki, Rusiya Baltikyanı ölkələri və Ukraynanın paytaxtını 2 günə işğal etmək gücünə malikdir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Şimali Atlantika Alyansının nümayəndəsi Çexiyanın paytaxtında keçirilən “Bizim təhlükəsizliyimiz” konfransında jurnalistlərə deyib.
Petr Pavel də ABŞ prezidenti Barak Obama kimi Rusiyanı bütün NATO ölkələri üçün təhlükə hesab etməklə yanaşı, bu ölkəni İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə eyni cərgəyə qoyub. O, eyni zamanda əmindir ki, əgər Rusiya hücuma keçərsə, NATO indiki situasiyada adekvt reaksiya vermək iqtidarında deyil. Onun fikrincə, NATO-nun qərar qəbul etmək məsələsində çətin proseduru var. Bununla belə, NATO-nun hərbi komitəsinin sədri düşünür ki, Rusiya bir neçə saat ərzində qərar qəbul etmək iqtidarındadır.
Çexiyalı general onu da qeyd edib ki, NATO üçün Rusiyaya müharibə elan etmək çox ağır qərar vermək olardı, çünki bu halda nüvə qarşıdurması yarana bilər.