Modern.az

Bu gün və sabah orta məktəblərdə "Son zəng"dir

Bu gün və sabah orta məktəblərdə "Son zəng"dir

29 May 2015, 09:32


Bu il Azərbaycanın orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri mayın 29-da və 30-da qeyd olunur.

Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır:

“Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən bu tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq. “Son zəng” tədbirləri də müvafiq olaraq mayın 29-u və 30-u yalnız ümumtəhsil məktəblərində təşkil ediləcək”. 

Təhsil Nazirliyinin məlumatına görə, bu il ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirir.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, müvafiq qərar verib. Həmin qərara əsasən, gələn tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili , 5 gün qış tətili və ibtidai siniflər üçün 5 günlük  əlavə yaz tətili müəyyən ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular