“Azərbaycanda İctimai Televiziya yarandığı gündən cəmiyyətin buna çox böyük dəstəyi oldu”.
Modern. az saytının məlumatına görə, bunu Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı deputat Fuad Muradov deyib.
O, bildirib ki, İTV haqqında iradlar da mövcuddur, bəzi çatışmazlıqlar da var.
“Biz İTV-nin Yayım Şurası olaraq hər il hesabat dərc edirik. Bu hesabatda televiziyada gedən neqativ, pozitiv proseslər öz əksini tapır. Azərbaycan məkanında cəmi 2 televiziya var ki, onlar dövlət büdcəsindən maliyyələşir. Buna görə də onlara tələb tamamilə başqadır. Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Bu istiqamətdə islahatlar aparmaq üçün nəzarət mexanizmi güclənməlidir və ictimaiyyət tərəfindən bu məsələyə münasibət bildirilməlidir”.
Fuad Muradov qeyd edib ki, İctimai Televiziya yeganə qurumdur ki, orada ictimaiyyət nümayəndələri var.
“İctimai Televiziya modeli digər televiziyalar üçün istifadə oluna bilər. Bu gün ictimaiyyəti narahat edən məsələlər bu televiziyada öz əksini tapır. Amma Yayım Şurası təkcə nəzarət mexanizmi kimi yaradılmamışdı. Biz əslində cəmiyyətin, ictimaiyyətin müəyyən fikirlərini çalışırdıq ki, orada səsləndirək.
Eyni zamanda Avropa Şurasının da müəyyən məqsədləri var. İnanıram ki, biz İctimai Televiziyanın gələcək inkişafı üzərində öz müsbət fikirlərimizi deyəcəyik”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da bildirib ki, Azərbaycan televiziyalarında bayağı verilişlərin sayı çoxalır. “Yaxşı olardı ki, bayağı verilişlərlə bağlı məsələ tənzimlənsin. Bu sahədə ciddi problemlər mövcuddur”.
Aqşin Kərimov