Modern.az

Milli Məclisdə 2014-cü ilin büdcəsinin icrası müzakirə olunur

Milli Məclisdə 2014-cü ilin büdcəsinin icrası müzakirə olunur

Təhsil

29 May 2015, 13:26

Milli Məclisin iclasında “2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az saytının verdiyi məlumata görə, iclasda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Çingiz Əsədullayev çıxış edərək bildirib ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 milyon manat kəsirlə icra olunub, Deputat qeyd edib ki, 2015-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 milyard manat təşkil edib: “2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə Azərbaycan davamlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb: “Ölkə üzrə Ümumu Daxili Məhsulun (ÜDM) həcmi, xüsusilə qeyri-neft sektorunun bu sahədə çəkisi artıb. Ölkə üzrə qeyri-neft sektorunda 7 faizlik illik real artım tempinə nail olunub. 2014-cü ildə istehlak qiymətlərinin indeksi (inflyasiya) 1,4 faiz olub. Bu da 2014-cü il üçün proqnozlaşdırılan göstəricidən demək olar ki, iki dəfə azdır”.

Maliyyə naziri Samir Şərifov isə deyib ki, Milli Məclisə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi və hesabat reallığı əks etdirir: “Sənəddə dövlət borcları haqqında da məlumat verilir. Milli Məclisin müvafiq komitəsində bu məsələ geniş müzakirə edilib və bəyənilib”.

Nazir qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilən iqtisadi kurs nəticəsində əsas hədəflərə nail olunub: “Məqsədyönlü iqtisadi siyasət nəticəsində 2014-cü ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunub. 2014-cü ildə ölkəmizdə 59 milyard manat və yaxud əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektoru üzrə əlavə dəyər 7 faiz artaraq, ümumi daxili məhsulda xüsusi çəkisi 61 faizədək yüksəlib”.

Samir Şərifov vurğulayıb ki, ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular